Polşa hakimiyyəti 2022-ci ilin birinci yarısında Belorusla sərhəddə yeni səddin inşasını tamamlayacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə respublikanın daxili işlər nazirinin müavini Maçey Vonsik Polşa radiosunun efirində deyib.
“Biz layihəni gələn ilin birinci yarısında başa çatdırmaq istəyirik”, – deyə mövzu barədə digər detallara toxunmayan Maçey Vonsik bildirib. Onun sözlərinə görə, hakimiyyət müvafiq müqavilələr imzalanana qədər bu barədə dəqiq məlumat verməmək qərarına gəlib.
Polşa miqrasiya böhranının başlanğıcında Belarusla 418 kilometrlik sərhəddə tikanlı məftillərdən ibarət sədd çəksə də, bu, mühacir axınının qarşısını almaqda yetərli hesab edilmir. Yeni və daha etibarlı sədd Polşaya 1,615 milyard zlotıya (təxminən 414 milyon dollar) başa gələcək ki, bunun da 115 milyonu texniki təchizata – müşahidə avadanlığı və digər müasir alətlərə xərclənəcək. Həmin vəsaitin ölkə büdcəsindən ayrılması planlaşdırılır. Hakimiyyət orqanları dekabr ayının əvvəlində səddin inşasına başlamaq niyyətindədir.
Qeyd edək ki, noyabrın 8-dən etibarən Belarus Respublikasının Latviya, Litva və Polşa ilə sərhədlərində miqrasiya böhranı kəskinləşib. Belarus tərəfdən Polşa sərhədinə cəmlənən minlərlə insan tikanlı məftilləri qıraraq Polşa ərazisinə daxil olmağa cəhd edib. Avropa İttifaqı ölkələri Minski böhranı qəsdən gərginləşdirməkdə ittiham edir və sanksiyaların tətbiqinə çağırır. Belarus Prezidenti Aleksandr Lukaşenko isə öz növbəsində böhranın yaranmasında insanların müharibədən qaçıb sığınmağa çalışdıqları Qərb dövlətlərini günahlandırır.