Müxalif qüvvələrin etirazları ilə üzləşən Venesuela Prezidenti Nikolas Maduro dünən ölkəni tərk etməyə hazır olub, ancaq Rusiya onu fikrindən daşındırıb.
“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Maykl Pompeo bildirib.
“Onun təyyarəsi uçuş zolağında idi. Belə başa düşürük ki, o, bu səhər uçmağa hazır idi, amma Rusiya ona qalmalı olduğunu söylədi”, – M.Pompeo deyib.
Dövlət katibi Venesuelanın rəhbərliyindəki vəziyyətin qeyri-sabit olduğunu vurğulayıb.
Onun sözlərinə görə, Maduro hökumətində ölkəni tərk etməyə hazır olan yüksək vəzifəli məmurlar var: “Son həftələrdə onlar özləri bu barədə bizə məlumat veriblər. Venesuela xalqının demokratiyanı bərpa edə biləcəyinə əminik”.
***02:52
ABŞ Venesuela Prezidenti Nikolas Maduronun respublika ərazisini tərk etməsində israrlıdır.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu çərşənbə axşamı Birləşmiş Ştatların dövlət katibi Maykl Pompeo CNN teleşirkətinə müsahibəsində deyib.
Ona “hazırda Maduroya nə deyərdiniz” sualı verilib.
“Təyyarəni işə salın”, – Pompeo cavab verib. O, “Venesuela Prezidentinin ölkəni tərk etməsinin vaxtı çatıb” kəlməsini bir neçə dəfə təkrar edib.