Azərbaycan ilə Polşa arasındakı dostluq və əməkdaşlıq əlaqələri zəngin ənənələrə malikdir. Bu ənənələri özündə bariz şəkildə əks etdirən dövlətlərarası münasibətlərimizin hazırkı inkişaf səviyyəsi, siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığımız məmnunluq doğurur.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Polşanın milli bayramı – Konstitusiya Günü münasibətilə Prezident İlham Əliyevin polşalı həmkarı Andjey Dudaya ünvanladığı təbrik məktubunda yer alıb.
“İnanıram ki, birgə səylərimizlə Azərbaycan-Polşa əlaqələrinin möhkəmlənməsinə, həm ikitərəfli, həm də çoxtərəfli əsasda, xüsusilə də Avropa İttifaqı çərçivəsində qarşılıqlı səmərəli əməkdaşlığımızın daha da genişlənməsinə nail olacağıq”, – deyə Azərbaycan Prezidenti məktubunda vurğulayıb.
Dövlətimizin başçısı Polşa Prezidentinə ən xoş arzularını yetirib, dost Polşa xalqına daim əmin-amanlıq və firavanlıq diləyib.