Azərbaycan Birləşmiş Krallıq ilə dostluq və əməkdaşlığa xüsusi əhəmiyyət verir. Sevindirici haldır ki, son otuz ildə ölkələrimiz arasında qarşılıqlı inam və dəstəyə əsaslanan siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrimiz dinamik şəkildə inkişaf edib.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Birləşmiş Krallığın Baş naziri Boris Consona təbrik məktubunda yer alıb.
Otuz il ərzində iqtisadi sahədə əldə olunan nailiyyətlərin məmnunluq doğurduğunun vurğulandığı təbrikdə deyilir: “Birləşmiş Krallıq bu günədək Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayələr yatırmışdır. Azərbaycanın ən iri ticarət tərəfdaşlarından biri olan ölkənizi təmsil edən 600-ə yaxın şirkət Azərbaycanda bir sıra vacib layihələrə cəlb olunub və uğurla fəaliyyət göstərirlər.
Enerji sahəsində sınaqdan çıxmış çoxillik strateji tərəfdaşlıq münasibətlərimizi xüsusi qeyd etmək istəyirəm. 1994-cü ildə “Əsrin müqaviləsi” ilə əsası qoyulmuş enerji sahəsindəki əməkdaşlığımızın bu gün də müvəffəqiyyətlə davam etməsi səmərəli işgüzar əlaqələrimizin və qarşılıqlı etimadın təzahürüdür. Neft-qaz hasilatında etibarlı tərəfdaşımız olan BP şirkəti ilə strateji əməkdaşlığımız məmnunluq doğurur. Cənub Qaz Dəhlizinə Birləşmiş Krallığın verdiyi dəstəyi yüksək qiymətləndirir, layihənin inşasının uğurla başa çatması münasibətilə təbriklərimi yetirirəm.
Əlamətdar haldır ki, bu gün enerji sahəsində əməkdaşlığımız inkişaf edərək yeni müstəviyə çıxmışdır. Azərbaycanın “yaşıl enerji”yə keçid istiqamətində ölkəniz ilə birgə fəaliyyəti qeyri-neft sektorunda əlaqələrimizin şaxələndirilməsi baxımından olduqca əhəmiyyətlidir. Eyni zamanda biz Birləşmiş Krallığın şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsinə verdiyi töhfəni alqışlayır, bu ərazilərin yenidənqurulması və bərpası işlərində yaxından iştirakını təqdir edirik”.
Dövlətimizin başçısı inandığını bildirib ki, Azərbaycan ilə Birləşmiş Krallıq arasındakı əməkdaşlıq bundan sonra da birgə səylərlə inkişaf edəcək və genişlənəcək.