Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğanı qəbul edib.
AZƏRTAC xəbər verir ki, Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev Türkiyənin dövlət başçısının salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş etdi.
Söhbət zamanı Bakıda keçirilən “Ənənəvi idmanın dirçəldilməsi” adlı 5-ci Beynəlxalq Etnoidman Forumunun əhəmiyyəti vurğulandı, onun yüksək səviyyədə təşkil olunduğu bildirildi. Xalqımızın ənənəvi idman növlərinə böyük marağının olduğu qeyd edildi.
Görüşdə bu tədbirin idman sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olundu.
Sonda Bilal Ərdoğan etnoidman növlərinin və oyunlarının dünya miqyasında tanınmasında, kütləviliyinin artırılmasında xidmətlərinə, ənənəvi idman növlərinin inkişafı üçün göstərdiyi liderliyə, fədakar yanaşmasına, idmana və idmançıya daim fəal dəstəyinə görə Dünya Etnoidman Konfederasiyasının Ənənəvi İdman Mükafatları çərçivəsində “Liderlik Mükafatı”nı Prezident İlham Əliyevə təqdim etdi.