Noyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müqəddəs Taxt-Tacın ölkəmizdə yeni təyin olunmuş apostol nunsisi arxiyepiskop Marek Solçinskinin etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, Müqəddəs Taxt-Tacın apostol nunsisi etimadnaməsini dövlətimizin başçısına təqdim etməkdən şərəf hissi duyduğunu dedi. Marek Solçinski bildirdi ki, Roma Papası Fransisk Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya onun salamlarını çatdırmağı xahiş edib. O dedi ki, Roma Papası dövlətimizin başçısına xalqa şərəflə rəhbərlik missiyasının uğur qazanması üçün dualar edir.
Sonra Marek Solçinski etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.
Apostol nunsi ilə söhbət edən Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi və onun da salamlarını Roma Papasına çatdırmağı xahiş etdi.
Prezident İlham Əliyev Azərbaycanda və Vatikanda Roma Papası ilə görüşlərini məmnunluqla xatırlayaraq, onun ölkəmizə səmimi münasibətini həmişə hiss etdiyimizi vurğuladı. Dövlətimizin başçısı Roma Papasının Azərbaycana rəsmi səfərini tarixi səfər kimi qiymətləndirərək bunun ikitərəfli münasibətlərimizi, eyni zamanda, bizim tərəfdaşlıq ruhunun, multikulturalizm, sülh və tolerantlıq dəyərlərinin təşviqinin zəruriliyini nümayiş etdirdiyini bildirdi. Prezident İlham Əliyev Azərbaycanın Vatikanda ayrıca səfirliyinin fəaliyyətə başlayacağını deyərək bunun əməkdaşlığın dinamizminə xidmət göstərəcəyinə əminliyini ifadə etdi.
Dövlətimizin başçısı Azərbaycanın Vatikanın tarixi yerlərinin bərpasında iştirakından məmnunluq duyduğunu bildirdi və bunu mədəniyyətlərarası dialoqa bir töhfə kimi qiymətləndirərək Azərbaycan tərəfinin bu işi davam etdirməyə hazır olduğunu dedi.
Prezident İlham Əliyev ölkəmizdə mütəmadi keçirilən mədəniyyətlərarası dialoq forumunun bu sahədə beynəlxalq əməkdaşlığın genişlənməsi işinə xidmət etdiyini bildirdi.
Bakıda yenidən olmasından çox xoş təəssürat hissi keçirdiyini deyən Marek Solçinski Azərbaycanla Müqəddəs Taxt-Tac arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişafından məmnunluğunu ifadə etdi.