Qazaxıstan dinamik inkişaf yolu ilə inamla irəliləyərək bütün sahələrdə mühüm nailiyyətlər əldə edib, beynəlxalq aləmdə layiqli yer tutub. Bu gün Prezident Kasım-Jomart Tokayevin qətiyyətli rəhbərliyi ilə ölkədə aparılan genişmiqyaslı islahatlar və quruculuq işləri qardaş ölkənin hərtərəfli inkişafına və yüksəlişinə xidmət edir. Qazaxıstanın qazandığı uğurlar qardaş ölkə olaraq Azərbaycanı da çox sevindirir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının milli bayramı – Respublika Günü münasibətilə qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevə ünvanladığı təbrik məktubunda yer alıb.
Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan-Qazaxıstan münasibətlərinin hazırkı yüksək səviyyəsi ortaq tarix, mənəvi, mədəni dəyərlərlə bir-birinə sıx bağlı olan qardaş xalqlarımızın iradəsini bariz şəkildə təcəssüm etdirir.
Qazaxıstan Prezidentinin bu ilin avqustunda Azərbaycana rəsmi səfərinin ölkələrimiz arasında əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi, siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə əlaqələrin daha da inkişafı üçün yaxşı imkanlar açdığının vurğulandığı məktubda daha sonra deyilir: “Eyni zamanda bu yaxınlarda Astanada Sizinlə görüşümü məmnunluqla xatırlayır, əməkdaşlığımızın perspektivləri ətrafında apardığımız ətraflı fikir mübadiləsi və müzakirələrin Azərbaycan-Qazaxıstan münasibətlərinə yeni təkan verəcəyinə inanıram”.
Azərbaycan Prezidenti əmin olduğunu bildirib ki, mövcud imkanlardan yararlanaraq ölkələrimiz arasında strateji tərəfdaşlıq xarakteri daşıyan çoxşaxəli əlaqələrin, həm ikitərəfli qaydada, həm də beynəlxalq təşkilatlar, xüsusilə də Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı səmərəli əməkdaşlığımızın davam etdirilməsi və genişləndirilməsi yolunda bundan sonra da birgə səylər göstəriləcək.