Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müqəddəs Qurban bayramı münasibətilə xalqımızı təbrik edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı məktubunda xalqımıza ən səmimi arzu və diləklərini yetirib.
“İslam dininin əlamətdar mərasimlərindən olan Qurban bayramı özündə xeyirxahlığı, birlik və bərabərliyi, insanın ülvi amallar uğrunda hər cür fədakarlığa hazır olmaq niyyətini əks etdirir.
Milli-mənəvi və dini dəyərlərinə həmişə sadiq olan Azərbaycan xalqı bütün dünya müsəlmanları ilə birlikdə Qurban bayramını qardaşlıq, humanizm və həmrəylik rəmzi kimi yüksək əhval-ruhiyyə ilə qeyd edir. Bu günlərdə həm Həcc ziyarətində, həm də ölkəmizin hər yerində dövlətimizin tərəqqisi, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar edilir, xeyriyyəçilik işləri görülür, şəhidlərimizin nurlu xatirəsi ehtiramla yad olunur”, – deyə Prezident İlham Əliyev qeyd edib.
Bu mübarək bayram günlərində xalqımızın dua və diləklərinin gerçəkləşəcəyinə, Uca Yaradanın mərhəmətini xalqımızdan əsirgəməyəcəyinə ümidvar olduğunu vurğulayan dövlətimizin başçısı bir daha xalqımıza və ölkəmizin hüdudlarından kənarda yaşayan bütün soydaşlarımıza səmimi təbriklərini çatdırıb, xoşbəxtlik, süfrələrə bol ruzi və xeyir-bərəkət arzulayıb.