Bu il diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd edəcək Azərbaycan ilə Slovakiya arasında əlaqələrin dinamikası məmnunluq doğurur. Ölkələrimizin fəal dialoqu bir sıra sahələrdə, xüsusilə də enerji sahəsində əməkdaşlığımızın yüksələn xətlə inkişaf etməsinə şərait yaradıb.
AZƏRTAC xəbər verir ki, bu fikirlər sentyabrın1-də Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiya Prezidenti Zuzana Çaputovaya bu ölkənin milli bayramı – Konstitusiya Günü münasibətilə göndərdiyi məktubunda yer alıb.
Məktubunda Slovakiya Prezidentini və xalqını öz adından və Azərbaycan xalqı adından ürəkdən təbrik edən dövlətimizin başçısı bildirib: “Əminəm ki, Azərbaycan-Slovakiya dostluq əlaqələrinin möhkəmləndirilməsi, ticarət, investisiya qoyuluşu, nəqliyyat və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımızın böyük potensialının reallaşdırılması istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik”.
Prezident İlham Əliyev Zuzana Çaputovaya ən xoş arzularını yetirib, dost Slovakiya xalqına isə daimi əmin-amanlıq və rifah diləyib.