Azərbaycan Prezidenti İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuda təbrik məktubu ünvanlayıb.
Türk.az xəbər verir ki, məktubda deyilir:
“Əlahəzrət,
Əziz Qardaşım,
Səudiyyə Ərəbistanı Krallığının milli bayramı – Krallıq elan edilməsi Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Biz Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında ortaq tarixi-mədəni köklər, qardaşlıq, İslam həmrəyliyi kimi möhkəm təməllər üzərində qurulmuş, qarşılıqlı etimad və dəstəyə əsaslanan münasibətlərə xüsusi əhəmiyyət veririk. Yüksək səviyyəli qarşılıqlı səfərlər, müxtəlif sahələri əhatə edən ikitərəfli və çoxtərəfli müstəvidə faydalı əməkdaşlığımız, daim genişlənən siyasi, iqtisadi və mədəni əlaqələrimiz qardaş ölkələrimiz arasında çoxşaxəli əlaqələri səciyyələndirən başlıca amillərdəndir. Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında tərəfdaşlığın inkişafında və möhkəmlənməsində Sizin böyük xidmətləriniz vardır və biz bunu yüksək qiymətləndiririk.
Siyasi əlaqələrimizin hazırkı səviyyəsi və fəal dialoqumuz bütün sahələrdə, xüsusilə də energetika və investisiya qoyuluşu sahələrində, o cümlədən işğaldan azad olunmuş ərazilərdə qarşılıqlı fəaliyyətimizin daha da genişləndirilməsi üçün yaxşı zəmin yaradır. Alternativ və bərpa olunan enerji sahəsində Səudiyyə Ərəbistanının aparıcı “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda Külək Elektrik Stansiyasının inşası ilə bağlı həyata keçirdiyi layihəni əməkdaşlığımızın əhəmiyyətli nümunəsi kimi dəyərləndirirəm.
Biz Səudiyyə Ərəbistanına Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına verdiyi daimi dəstəyinə görə minnətdarıq.
Əminəm ki, Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasındakı ənənəvi dostluq münasibətləri, həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığımız qardaş xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da möhkəmlənəcək və dərinləşəcəkdir.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Səudiyyə Ərəbistanının qardaş xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.