“Qırğız Respublikası Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsinin 2-ci mərhələsinə qoşulmaqda maraqlıdır”.
“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının zirvə toplantısında bildirib.
O, ölkəsinin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası üçün mühüm əhəmmiyyət kəsb edən, şərqdə və qərbdə böyük informasiya mübadiləsi mərkəzlərini birləşdirən TASİM layihəsində iştirikada maraqlı olduğunu ifadə edib: “Bu istiqamətdə Qırğızıstanda “Taza Coom” milli rəqəmsal transformasiya proqramı həyata keçirilir”.
Prezident kibertəhlükəsizlik, elektron hökumət və peyk rabitəsi üzrə işlərin canlandırılmasına ehtiyac olduğunu da vurğulayıb: “Bütün tərəfləri ötən sammitdə qəbul edilmiş informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq prosesini təbliğinə çağırıram”.
Qeyd edək ki, TASİM layihəsi vacib regional təşəbbüsdür və onun məqsədi əsasən Frankfurt şəhərindən Honq-Konq şəhərinə, Qərbi Avropadan Şərqi Asiyaya qədər Avrasiya ölkələrini əhatə edən transmilli fiber-optik xəttin çəkilməsidir. Tranzit xətti Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyədən keçərək Almaniyaya çatacaq.