“Mən çox şadam ki, Prezident vəzifəsinə seçilməyinizdən bir neçə ay sonra Siz Azərbaycana rəsmi səfərə gəlmisiniz. Bu, Sizin bizim ölkəmizə olan diqqətinizin təzahürüdür. Biz də Ukrayna-Azərbaycan əlaqələrinin inkişafına çox böyük diqqət veririk. Bu gün həm təkbətək formatda, eyni zamanda, nümayəndə heyətlərinin iştirakı ilə danışıqlarda Ukrayna-Azərbaycan ikitərəfli əlaqələrinin müxtəlif aspektləri geniş müzakirə olundu və çox səmərəli fikir mübadiləsi aparıldı”.
“Report” xəbər verir ki, bunu bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuata bəyənatında deyib.
“Bizim siyasi əlaqələrimiz yüksək səviyyədədir. Prezidentin Azərbaycana rəsmi səfəri bunu təsdiqləyir. Bu gün biz ticarət dövriyyəsinin artırılması istiqamətində atılacaq addımlar haqqında danışdıq. Düzdür, bu il ticarət dövriyyəmiz təqribən 20 faiz artmışdır. Ancaq mütləq rəqəmlər bizi qane edə bilməz və bu gün gələcək əməkdaşlıqla bağlı konkret məsələlər müzakirə olundu”, – deyə, dövlət başçısı əlavə edib.