Hər şeydən öncə demək istəyirəm ki, Azərbaycan Şərqi Aralıq dənizində Türkiyə və Yunanıstan arasında baş verən gərginliklə bağlı rəsmi Ankaranın haqlı mövqeyini birmənalı dəstəklədiyini elan edən yeganə türk dövlətidir.
Türk.az xəbər verirki,bu sözləri Axar.az-a açıqlamasında millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Prezident İlham Əliyevin Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən çıxışını şərh edərkən deyib.
Q.Paşayeva bildirib ki, Prezidentimiz cənab İlham Əliyevin bu çıxışının Türkiyədə də əks-səda verməsi təsadüfi deyil:
“Azərbaycan Prezidenti İlham Əliyev bu görüşdə rəsmi Bakının bir müddət öncə Şərqi Aralıq dənizi ilə bağlı yaydığı rəsmi bəyanatın şəxsən özünün iradəsi ilə verildiyini də elan etdi. Bu, birbaşa Prezident İlham Əliyevin simasında Azərbaycanın bütün məsələlərdə Türkiyənin ədalətli mövqeyini birmənalı dəstəklədiyini göstərən olduqca mühüm faktdır.
Digər ən mühüm məqam isə odur ki, Azərbaycan artıq regional gücə çevrildiyini, yaxın regionda baş verən proseslərdən kənarda qalmadığını, milli maraqlarını hər yerdə beynəlxalq normalara uyğun müdafiə etdiyini göstərir. Bu, əlbəttə ki, Prezidentimiz cənab İlham Əliyevin apardığı xarici siyasətin məntiqi nəticəsidir”.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan Prezidentinin səfirlə bu cür açıq danışması həm də böyük bir siyasi mesaj olmaqla, Bakının hazırkı statusuna da işarədir:
“Bildiyiniz kimi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına hazırda Azərbaycan sədrlik edir və Prezident İlham Əliyevin bu mövqeyi öz simasında açıq şəkildə ifadə etməsinin arxasında TDƏŞ ölkələrinə mesajı da dayanır. Hesab edirəm ki, bu müsbət, birlik, qardaşlıq mesajı öz ünvanına çatdı. Eyni zamanda Azərbaycan Prezidenti Türkiyə ilə “bir millət-iki dövlət” olduğumuzu da bir daha bütün dünyaya elan etmiş oldu. Azərbaycan hazırda regionun nüfuz sahibi olan, iqtisadi baxımdan inkişaf edən, Avropanın enerji təhlükəsizliyində mövqe tutan və tranmilli layihələr həyata keçirən dövlətidir. Şərqi Aralıq dənizində öz hüquqları uğrunda cəsarətlə mübarizə aparan Türkiyə arxasında iqtisadi və siyasi söz sahibi olan qardaş dövlətlərin dəstəyi ilə daha da güclüdür. Azərbaycan qardaşının gücünə güc qatan dövlət olduğunu bir daha nümayiş etdirdi və ümid edirəm ki, TDƏŞ ölkələri üçün mövqelərini açıq ifadə etmə yolunda bir yaşıl işıq yandırmış oldu”.