“İkitərəfli sertifikat proqramının həyata keçirilməsində əsas məqsəd kənd təsərrüfatı sahəsində kadr potensialı yaratmaqdır”.
“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ADA Universitetinin akademik işlər üzrə prorektoru Vəfa Kazdal deyib.
O bildirib ki, ADA Universiteti və İtaliyanın Bolonya Universitetinin birgə təşəbbüsü ilə hazırlanmış kənd təsərrüfatı və qida sənayesinin idarəetməsinin ikitərəfli sertifikat proqramı üç həftə davam edəcək:
“Proqram hər iki ölkənin tələbələri üçün çox maraqlı olacaq. Bolonya Universiteti kənd təsərrüfatı sahəsində dünyanın ən qabaqcıl universitetlərindən biridir. Proqram hər iki universitetdə həm canlı, həm də onlayn şəkildə tədris olunacaq və onun ilk həftəsi Bakıda, son həftəsi və yekunu Bolonyada baş tutacaq”.
V.Kazdal qeyd edib ki, həyata keçirilən proqramın əsas məqsədi kənd təsərrüfatı sektorunda qərarverici sahələrdə çalışan, bu sahədə tədqiqatlar aparan və yaxud kənd təsərrüfatının siyasətini müəyyənləşdirən əməkdaşları bir araya gətirərək onların bəhs olunan sahədə bilik və bacarıqlarını artırmaqdır:
“Hesab edirik ki, bununla kənd təsərrüfatı sahəsində yeni innovasiyalar üçün mühit yaranacaq”.