Mayın 25-də Qəbələ şəhərində Vətən Müharibəsi Qəhrəmanı, şəhid Əfqan Abdurahmanovun xatirəsinə inşa edilmiş abidə kompleksinin açılışı olub. Abidə şəhidin adını daşıyan Qəbələ şəhər 3 saylı tam orta məktəbin həyətində ucaldılıb.
Bu münasibətlə keçirilən tədbirdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbər şəxsləri və əməkdaşları, şəhidin ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qəbələ Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tədbirdə çıxış edənlər Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbədən, şəhid polkovnik-leytenant Əfqan Abdurahmanovun şərəfli döyüş yolundan, qəhrəmanlığından bəhs edib, şəhidlərin əziz xatirəsinin heç bir zaman unudulmayacağını vurğulayıblar.
Məktəblilərin ifasında şeir kompozisiyası səsləndirilib.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.