Pul maddi, sosial və mədəni maraqları əhatə edən məhsuldur. İnsanlar, xalqlar, ölkələr arasında iqtisadi və mədəni münasibətlər həm də pul vasitəsilə həyata keçirilir.
Keçmişdə də belə olub, indi də.
Xalqımızın tarixindən, iqtisadiyyatından soraq verən pul nominalları da daim maraq doğurub…
Azərbaycan ərazisində mövcud tarixi dövlətlərin hər birinin öz pulu olub. İçərişəhərdə fəaliyyət göstərən “NumAz” MMC-nin əməkdaşı Şahin Əliyev AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib ki, ayrı-ayrı şəhərlərdə – Bakı, Şamaxı, Dərbənd, Mahmudabad, Biləsuvar, Gəncə, Pənahabad, Naxçıvan, Şərur və Ordubadda zərbxanalar fəaliyyət göstərib. Həmin şəhərlərin adları zərbxanalarda istehsal edilən metal pulların üzərində əks olunub. “Ölkəmizin ərazisində mövcud olan dövlətlərin ərazisində dinar, dirhəm, flus, şahı, abbası, qazbəyi və s. kimi nominallardan istifadə olunub”, – deyə Ş.Əliyev xatırladıb.
O, Sacilər, Şəddadilər, Şirvanşahlar, Hülakülər (Elxanilər), Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər, Qacarlar, Atabəylər, Əfşarlar dövründə mövcud olmuş sikkə zərblərinin istilahı barədə də bəzi məlumatlar verib: “Həmin dövlətlərin vaxtında əsasən metal pullardan istifadə olunub. Yalnız Hülakülər (Elxanilər) dövründə kağız pul dövriyyəyə buraxılıb. Həmin vaxt isə Təbriz bazarında tacirlər onunla alver etməkdən imtina ediblər, hətta üsyan qaldırıblar. Bundan sonra hökmdar həmin fərmanı ləğv etməyə məcbur olub və kağız nominallar dövriyyədən yığışdırılaraq yenə də qızıl, gümüş və mis pulları dövriyyəyə buraxıblar”.
Numizmatikin dediyinə həmin dövrlərdə dövriyyədə olan pullar çəki standartı ilə müəyyən olunub. Məsələn, xırda gümüş pul nominalı I Təhmasibin vaxtında buraxılan 1,1-1,2 qram çəkidə bisti olub: “Abbası isə ilk dəfə Şah Abbasın vaxtında buraxılıb və elə onun adı da buradan götürülüb. Bir abbası 7,6-7,7 qram civarında olub. Şah İsmayıl Xətainin dövründə şahi nominalı dövriyyəyə buraxılıb və onun çəkisi 9,2-9,3 qram olub. Onun hakimiyyəti dövründə buraxılan ikilik şahı daha ağır çəkidə – 18,5-18,6 qram civarında idi. Dördlük şahının çəkisi isə 36 qramdan çox idi. Onu da qeyd etmək lazımdır ki, nominal dövlətin iqtisadi gücünü və hökmdarın əzəmətini göstərirdi. Xətaidən sonrakı varislərinin dövründə şahinin nominal çəki standartı aşağı düşməyə başladı. Hətta sonrakı dövrlərdə bir müddət bəzən mahmudu, bəzən də məhəmmədi adlanan nominal da dövriyyəyə buraxılıb. Bu, Sultan Məhəmməd Xudabəndə Mirzənin dövrünə təsadüf edib və həmin nominalların çəkisi 1 misqal civarında idi”.
Pul xalqımızın keçmişi, tarixi, keçdiyi yol, iqtisadi vəziyyəti barədə mühüm məlumatlar verir. Numizmatik Şahin Əliyev ayrı-ayrı dövrlər və hakimiyyətlər vaxtı dövriyyədə olan pulların hər biri ilə əlaqədar həmin məlumatlarla maraqlanır, onları toplayır və bilgilər verir. Əslində bu, faydalı və gərəkli bir işdir, çünki pul nominalları da keçmişimizin, tariximizin bir parçasıdır. AZƏRTAC-ın fotomüxbirinin mövzu ilə bağlı fotoreportajını təqdim edirik.