Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, “Gənclərin təşəbbüsünə və inkişafına dəstək” İctimai Birliyinin təşkilatçılığı, Rumıniyanın aparıcı beyin mərkəzlərindən olan “ION CONEA” Geopolitika Assosiasiyasının rəsmi tərəfdaşlığı və Avropanın nüfuzlu siyasi nəşrlərindən olan “Geopolitica” jurnalının informasiya dəstəyi ilə Rumıniyanın paytaxtı Buxarest şəhərində Qərbi Azərbaycana qayıdış məsələlərinə həsr olunan “Azərbaycan Cənubi Qafqazda qlobal təhlükəsizliyin qarantıdır” mövzusunda Buxarest Forumu keçirilib. Forumda Buxarest şəhərində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının, beyin mərkəzlərinin, akademik dairələrin nümayəndələri və media təmsilçiləri bir araya gəliblər.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən “Gənclərin təşəbbüsünə və inkişafına dəstək” İctimai Birliyinin sədri Toğrul Allahverdili forumun keçirilməsinin məqsədini açıqlayıb. Tarixi faciələrin mütəmadi şəkildə xatırlanmalı olduğuna diqqətçəkən Toğrul Allahverdili bunun həmin faciələrin yenidən təkrarlanmaması üçün dünyanın uzun illərdən bəri məruz qaldığı köç məsələsində beynəlxalq ictimaiyyətin birgə səylərinin vacibliyini vurğulayıb.
Azərbaycan-Türk Qadınlar Cəmiyyəti və Azərbaycan-Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlı isə çıxışında heç nəyi gizlətməyin mümkün olmadığını bildirərək həqiqətin gec-tez üzə çıxdığını vurğulayıb. Lakin siyasi məqsədləri həqiqət kimi təbliğ edilən yalanların da olduğunu deyən Tənzilə Rüstəmxanlı onların dünyanın böyük dövlətlərinin maraqlarına xidmət etdiyinə görə Yer üzündə yayılmaqda davam etdiyini vurğulayıb.
Rumıniya Amerikan Universitetinin rektoru professor Kostel Negricea və Rumıniyanın aparıcı beyin mərkəzlərindən olan “ION CONEA” Geopolitika Assosiasiyasının prezidenti Vasile Simileanu çıxış edərək qaçqınlar probleminin hüquqi çərçivələri və beynəlxalq ictimaiyyətin öhdəlikləri, qaçqın səslərinin dünyaya çatdırılması və onların hisslərinə şərik çıxmaq səylərinin gücləndirilməsi, azərbaycanlı qaçqınların qayıdışı, onların hüquqlarının müdafiəsinə yönəlik mövcud mexanizm və strategiyalar mövzularında çıxış edərək azərbaycanlıların geri qayıtmasının mümkün olacağına ümidvar olduqlarını dilə gətiriblər.
Tədbirin rəsmi çıxışlarından sonra panel müzakirələri təşkil edilib.
Rumıniyanın nüfuzlu siyasi şərhçisi, ekspert Sorin Dobriçeanu, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aqil Ələsgər və “Vətəninfo” informasiya agentliyinin rəhbəri Nahid Canbaxışlı Buxarest Universitetinin doktorantı Salatın Şamilovanın moderatorluğu ilə keçirilən “Qaçqınlar probleminə Avropa yanaşması və həlli yolları” adlı paneldə qaçqınların üzləşdiyi problemlər, qaçqınların mühafizəsi və onların reinteqrasiyası üzrə mövcud strategiyalar, qaçqın qadınların üzləşdiyi problemlərin həllinə yönəlik müasir yanaşmalar, qaçqın, məcburi köçkün və miqrasiya problemində Avropa İttifaqının tərəfdaş ölkələri ilə əməkdaşlıq kimi məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Forumun sonunda azərbaycanlı qaçqınlar adından beynəlxalq ictimaiyyətə çağırış edilib.
Tədbirdə Qərbi Azərbaycandakı izlərimizə dair fotosərgi nümayiş olunub.