Laçın rayonunda yol qəzası nəticəsində hərbçilərin həlak olması məlumatı əsasında Qubadlı Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitlərə baxış keçirilib, izahatlar alınıb və digər hərəkətlər icra edilib.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Azərbaycan Respublikası Hərbi Prokurorluğunun mətbuat xidmətindən bildirilib.
Fakt üzrə Qubadlı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 351.3-cü (Döyüş və ya xüsusi təyinatlı nəqliyyat vasitələrini, yaxud hərbi texnikanı idarəetmə və istismar qaydalarının pozulması ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilərək, icraya yönəldilib və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.
“Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək”, – deyə məlumatda bildirilib.