05 aprel 2018-ci il tarixində Hyatt Regency Bakı mehmanxanasının Quba zalında “Qadın hüquqlarının müdafiəsi: beynəlxalq və milli aspektlər” adlı kitabının təqdimat mərasimi keçirilib.
“Qadın hüquqlarının müdafiəsi: beynəlxalq və milli aspektlər” adlı kitab ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyələşdirdiyi və Kaunterpart İnterneşnl təşkilatının icra etdiyi Qadın İştirakçılığı Proqramı çərçivəsində “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən nəşr olunub. Kitabın nəşrinə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi dəstək verib.
Tədbirdə Professor, siyasi elmlər doktoru, AR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, Hicran Hüseynova, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiyasının direktoru , Mikaela Meredis, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev giriş nitqi ilə çıxış ediblər.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova kitab haqqında məlumat verib. Bildirilib ki, kitab ali təhsil ocaqlarının tələbələri, qadın hüquqlarının müdafiəsi istiqamətində elmi araşdırma aparan gənc tədqiqatçılar, alimlər və jurnalistlər üçün nəzərdə tutulub. Nəşrdə qadın hüquqlarının beynəlxalq və milli hüquqi müdafiəsinin nəzəri və praktik məsələləri, qadın hüquqlarının regional müdafiə mexanizmləri, Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi, qadınların siyasi, əmək, təhsil və digər hüquqları, onların məişət zorakılığından müdafiəsi, qadın və qızların reproduktiv hüquqları, qadın hüquqlarının daxili və xüsusi milli müdafiə vasitələri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qurbanları: qadınlar və uşaqlar, silahlı münaqişələr zamanı qadın hüquqlarının müdafiəsi, soyqırımı və silahlı münaqişələr zamanı qadınlara qarşı cinsi zorakılıq və digər müvafiq mövzularda geniş araşdırmalar aparılıb.
Hicran Hüseynova deyib ki, Azərbaycanda əhalinin 50 faizindən çoxunu qadınlar təşkil edir. İstənilən cəmiyyətdə qadın hüquqları qorunursa, hər kəsin hüquqlarının qorunduğunu söyləmək olar. Lakin razılaşmaq olar ki, bu gün bütün cəmiyyətlərdə insanların hüquqları bərabər şəkildə qorunmur. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra cəmiyyətdə qadınların rolu artmağa başladı. Ulu öndər Heydər Əliyev qadın problemlərinin həllinə hər zaman böyük diqqət göstərirdi. Konstitusiyamızda qadınların kişilərlə bərabər hüquqlarının olması ayrıca müddəa ilə təsbit edilir. Ölkəmiz beynəlxalq təşkilatlara üzv olduqdan sonra gender məsələləri və qadınların vəziyyətinin yaxşılaşdırılması ilə məşğul olan strukturların hər biri ilə sıx əməkdaşlıq etməyə başladı. Azərbaycanda qadın hüquqlarının qorunması dövlət siyasətinin tərkib hissəsini təşkil edir. “Məişət zorakılığı haqqında” Qanunun qəbulu ölkəmizdə qadın hüquqlarının qorunmasına xüsusi önəm verildiyini bir daha göstərir. Bu gün Azərbaycan qadınları dövlətin yaratdığı bütün imkanlardan bəhrələnirlər. Qadın problemlərinin azaldılması və həlli istiqamətində qadınların özləri də səy göstərməlidirlər. Öz hüquqlarını bilməklə və vəzifələrini yerinə yetirməklə qadınlar özləri də bir çox problemlərin həllinə töhfə vermiş olurlar.
Komitə sədri vurğulayıb ki, Azərbaycan qadın hüquqlarının müdafiəsi istiqamətində tətbiq etdiyi təcrübəni müxtəlif ölkələrlə bölüşür, eyni zamanda, dünya dövlətləri ilə təcrübə mübadiləsi aparılır. Bu gün Azərbaycanın ictimai, siyasi, mədəni, sosial həyatında qadınların iştirakının genişlənməsi müşahidə olunur.
USAID-in Azərbaycan üzrə missiya direktoru xanım Mikaela Meredis deyib ki, Azərbaycanda qadın hüquqları ilə bağlı hələ ötən əsrin əvvəlindən ciddi addımlar atılıb. Bu, çox təqdirəlayiqdir. ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycanda BMT-nin İnkişaf Proqramı ilə birlikdə qadınlar və uşaqlarla bağlı bir sıra proqram və layihələr həyata keçirdiyini qeyd edən M.Meredis deyib ki, Azərbaycanda məişət zorakılığı ilə bağlı elektron məlumat bankının yaradılması məişət zorakılığının qarşısının alınması istiqamətində atılmış vacib addımdır. O, qadınların təqdim olunan kitabdan öz hüquqları barədə mükəmməl məlumatlandırıcı vəsait kimi istifadə edə biləcəklərini vurğulayıb.
“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev qadın hüquq və azadlıqlarının təsbit olunduğu beynəlxalq sənədlər, konvensiyalar, Azərbaycan Xalq Cümhuriyyəti dövründən bu günümüzə qədər qadınların hüquqlarının qorunması, qadın iştirakçılığının dəstəklənməsi, gender bərabərsizliyinin aradan qaldırılması məqsədilə atılan addımlar barədə məlumat verib.
Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin qadın hüquqlarının qorunması istiqamətində gördüyü işlərin əhəmiyyətini qeyd edib.
Bakı Dövlət Universitetinin hüquq fakültəsində qadın hüquqlarının tədris edilən əsas fənlərdən biri olduğunu söyləyən Əmir Əliyev bildirib ki, bu gün təqdimatı keçirilən kitab həmin fənlərin tədrisinə böyük töhfədir.
Milli Məclisin deputatı Sahibə Qafarova belə bir kitabın nəşrinin qadınların hüquqlarının qorunması istiqamətində atılan önəmli addım olduğunu deyib. O bildirib ki, qadınların hüquqlarının qorunması hər bir ölkənin demokratik inkişafı üçün çox vacibdir. Təsadüfi deyil ki, bu gün qadın hüquqlarının müdafiəsi bütün beynəlxalq təşkilatlarda aktual məsələdir. Ölkəmizdə bu məsələ daim diqqət mərkəzindədir.
Milli Məclisin deputatı Qənirə Paşayeva deyib ki, gündən-günə müasirləşən ölkəmizdə bir çox sahələrdə uğurlu islahatlar aparılır. Azərbaycan dövləti iqtisadi inkişafı ilə yanaşı, qadın hüquqlarının müdafiəsinə də xüsusi diqqət yetirir.
Bundan sonra müəlliflər, Hüquq üzrə elmlər doktoru, professor, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı Əmir Əliyev, Hüquq elmləri üzrə fəlsəfə dokturu Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin “İnsan hüquqları və informasiya hüququ” üzrə YUNESKO kafedrasının müəllimi Pərvanə Bayramova, AR İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı, hüquq elmləri üzrə fəlsəfə doktoru, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov çıxış edərək kitab barədə məlumat veriblər.
Çıxışlardan sonra tədbir çərçivəsində müvafiq mövzular ətrafında alimlər və ekspertlərin iştirakı ilə müzakirələr keçirilib.