Gürcüstanda keçən gərgin seçki mübarizəsində müstəqil namizəd olan Salome Zurabişvili müxalifətdən olan rəqibi Qriqol Vaşadzeyə qalib gəlməyi bacardı. Bununla da o, nəinki Gürcüstanın müstəqillik tarixində, eyni zamanda Cənubi Qafqazda ilk qadın prezident oldu. Zurabişvili Gürcüstan tarixinə adını birbaşa vətəndaş səsverməsi yolu ilə seçilən sonuncu dövlət başçısı olaraq da yazdı.
“Qafqazinfo” ölkənin beşinci prezidentinin bioqrafiyasını təqdim edir:
Salome Zurabişvili 1952-ci ildə Fransanın paytaxtı Parisdə, Sovet hökumətindən qaçmağa məcbur olan gürcü siyasi miqrantların ailəsində anadan olub.
Valideynləri Levan Zurabişvili və Zeynəb Kediya Fransa universitetlərini bitiriblər. Atası avtomobil zavodunda mühəndis olaraq çalışıb, anası ilə evdar qadın olub. Ailə gürcü köklərini qoruyub saxlamaq üçün əllərindən gələni edir. Belə ki, Levan Zurabişvili öz ətrafında gürcü diasporası qurur, Fransadakı gürcü cəmiyyətinin sədri olur və Parisdə gürcü kilsəsi yaradır. Gənc Salome də atasının təsiri altında Parisdə Sovet İttifaqı liderlərinin səfərlərinə etiraz olaraq keçirilən nümayişlərdə iştirak edir, dostları ilə gürcü dilində qəzet buraxır və gürcü dissidentlərinin məqalələrini tərcümə edir.
Salome 1972-ci ildə Paris Siyasi Elmlər İnstitutunu, 73-cü ildə isə ABŞ-da Kolumbiya universitetini bitirir.
O, bir il sonra Fransa XİN sistemində işə düzəlmək üçün müraciət edir. Ondan niyə həyatını diplomatiyaya həsr etmək istədiyini soruşanda, Salome bildirir ki, səfər etməyi çox sevir və Fransanın Gürcüstandakı səfiri olmaq istəyir. 22 yaşlı qızın arzusu 29 il sonra reallaşır. 51 yaşlı Salome Zurabişvili 2003-cü ildə Fransanın Gürcüstandakı səfiri təyin edilir. Cəmi bir il səfir işlədikdən sonra prezident Mixail Saakaşvili ona əvvəlcə gürcü vətəndaşlığı, daha sonra Xarici işlər naziri postunu təklif edir.
Zurabişvili Gürcüstanın o vaxtı ən nüfuzlu qadını olan, parlament sədri Nino Burcanadze ilə münaqişədən sonra 2005-ci ildə nazir postundan istefaya göndərilir.
Hakim partiya onu səriştəsizlikdə ittiham edirdi, o isə bəyan edirdi ki, Saakaşvilinin yalanlarına dözmək niyyətində deyil.
Daha sonra siyasi partiya yaratsa da, gürcü siyasətində özünə yer tapa bilmir və Zurabişvili Fransaya qayıdır.
2013-cü ildə də Gürcüstanda prezidentlik uğrunda mübarizəyə qoşulmaq istəsə də, ikili vətəndaşlığı buna mane olur. Lakin 2016-cı ildə gürcü siyasətinə birdəfəlik dönüş etməyi bacarır və parlamentin deputatı seçilir.
Ailə həyatı
Zurabişvili iki dəfə evli olub. İlk əri İran əsilli gürcü olub. Qordjestan Ququşvili ilə 22 yaşı olarkən Romada tanış olur. Həmin nikahından Zurabişvilinin iki uşağı var- oğlu Teymuraz və qızı Ketevan.
Lakin bu evlilik uzun çəkmir. Zurabişvili əri ilə çox fərqli insanlar olduqlarını deyir. Hər ikisi zamanla anlayır ki, uşaqları belə bu evliliyi qurtara bilməyəcək.
Boşandıqdan dərhal sonra o, uşaqları ilə birgə Afrikaya diplomatik xidmət üçün yollanır və orada 3 il yaşayır.
İkinci evliliyi gürcü filosofu, publisist və jurnalisti Canri Kaşiya ilə olur. Lakin 2012-ci ildə Kaşiya 72 yaşında dünyasını dəyişir.
“Bu, həyatımın ən böyük sevgisi idi. Böyük ağrıya rəğmən, mən yenə də xoşbəxtəm ki, belə bir bir insanla birgə yaşamışam. O, nəinki həyat yoldaşım, eyni zamanda ən yaxşı dostum, tərəfdaşım idi” deyə Zurabişvili xatirələrində yazır.