Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi tərəfindən dahi bəstəkar Qara Qarayevin doğum günü ilə bağlı layihə həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində Masallı rayonunda konsert, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində konsert və rəsm sərgisi kimi silsilə tədbirlər təşkil edilib.
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin kollektivi fevralın 4-də Masallı şəhərində və fevralın 5-də isə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində dahi bəstəkar Qara Qarayevin anadan olmasının 104-cü ildönümü münasibətilə “Əbədi musiqi günəşi” adlı konsert proqramı ilə çıxış ediblər.
Konsertdən öncə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin kollektivi Masallı Tarix-Diyarşünaslıq Muzeyi və Masallı şəhər onbirillik İncəsənət Məktəbinə baş çəkərək, müəssisələrin iş prosesi və kollektivlərə yaradılan şəraitlə tanış olublar. Sonra Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində foyedə gənc istedadların Qara Qarayevin yaradıcılığına həsr olunmuş rəsm sərgisinə baxış keçiriblər.
Konsertdə musiqi mədəniyyətimizdə əhəmiyyətli və əvəzolunmaz yer tutmuş görkəmli bəstəkar Qara Qarayevin həyat və yaradıcılığı haqqında çıxışlar olub. Ardınca isə şagird və müəllimlərin ifasında bəstəkarın əsərlərindən ibarət rəngarəng proqram təqdim edilib.
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru, Əməkdar artist, dosent Əziz Qarayusifli klarnetdə “İnsan məskən salır” filmindən etdiyi ifası tamaşaçılar tərəfindən çox böyük alqışlarla qarşılanıb.
Məktəbdə keçirilən tədbirdən əvvəl Fəxri xiyabanda dahi bəstəkar Qara Qarayevin xatirəsi yad edilib, məzarı üzərinə gül dəstələri qoyulub.
Tədbirin sonunda Xoreoqrafiya və rəssamlıq şöbəsinin müəllimləri Əli Ağadadaşov və Nigar Şixəliyeva tərəfindən məktəbin rəsm sərgisi də təqdim edilib.