Azərbaycan Prezidenti İlham Əliyevin Soçi səfəri böyük uğurla keçib. Dövlətimizin başçısı səfər çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşüb, “Valday” Beynəlxalq Diskussiya Klubunun növbəti iclasında çıxış edib.
Azərbaycan və Rusiya nümayəndə heyətlərinin görüşündə iki ölkə arasında siyasi, ticari-iqtisadi, investisiya qoyuluşu, hərbi və hərbi-texniki, kənd təsərrüfatı, turizm və humanitar sahələrdə əlaqələrin inkişafı məsələləri diqqət mərkəzində olub. Görüşdə Prezident İlham Əliyev qeyd edib ki, Rusiya Azərbaycan üçün mühüm tərəfdaş, dost, mehriban qonşudur.
Həmin gün “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyası keçirilib. Bu il iclas “Şərq şəfəqləri və dünya siyasi quruluşu” mövzusuna həsr olunmuşdu. Dünyanın 40 ölkəsindən 150-dən çox nümayəndənin iştirak etdiyi iclasda beynəlxalq təhlükəsizlik, dünya iqtisadiyyatı, regional sabitlik, iqlim dəyişiklikləri və digər aktual mövzularda fikir mübadiləsi aparılıb. Görüşün başlıca mövzularından biri beynəlxalq təhlükəsizlik olub.
Prezident İlham Əliyev sessiyada Rusiya-Azərbaycan münasibətlərinin inkişafına nəzər salıb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışan dövlət başçısı Ermənistanın təcavüzkar siyasətinin nəticələrini, BMT Təhlükəsizlik Şurasının münaqişənin nizamlanmasına dair qəbul etdiyi 4 qətnamənin 25 ildən çoxdur yerinə yetirilməməsi və digər mühüm məqamları diqqətə çatdırıb. Dövlət başçısı Ermənistanın baş nazirinin “Qarabağ Ermənistanın hissəsidir və nöqtə” bəyanatının yalan olduğunu vurğulayaraq deyib: “Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”.
Ermənistanın baş naziri avqust ayında Xankəndidə çıxışı zamanı “Arsax (Dağlıq Qarabağ) Ermənistandır, nöqtə” bəyanatı etmişdi. Bu bəyanat qondarma Dağlıq Qarabağ hakimiyyəti ilə Yerevan arasında artan münaqişə fonunda səslənib. Özünü sülhsevər və demokrat kimi qələmə verməyə çalışan Paşinyan sentyabrın sonlarında ABŞ-ın Kolumbiya Universitetində çıxışında Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə tərəfdar olduğunu vurğulamışdı. Onun sözlərinə görə, guya münaqişə 20 ildən artıq dövr ərzində qeyri-demokratik yanaşma üzündən həllini tapa bilmir. Görəsən ABŞ-dakı çıxışında “Dağlıq Qarabağ xalqı onların fiziki cəhətdən sağ qalmasının və inkişafının yeganə qarantı kimi yalnız Ermənistana ümid bəsləyir” deyən “demokrat” Paşinyan ev-eşiyindən didərgin düşmüş Azərbaycan icmasının maraqlarını nəzər alırmı? Münaqişə tərəflərini – Dağlıq Qarabağ, Ermənistan və Azərbaycan ictimaiyyətini razı salacaq qərar qəbul edilməsinin vacibliyindən danışan baş nazir Dağlıq Qarabağın Azərbaycan icmasının rəyi ilə maraqlanırmı?
Görünür bu suallar təkcə Azərbaycan cəmiyyəti üçün vacib məsələ deyil. Bu günlərdə elə “Valday” diskussiyaları çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin nizamlanması barədə suala cavabında siyasi prosesin yavaşıdığını və bu ləngimənin aradan qaldırılmasında əngəllər olduğunu deyəndə də Paşinyanın məsuliyyətsiz bəyanatını nəzərdə tuturdu. S.Lavrov deyib: “Tərəflər yetərincə ciddi bəyanatlar, o cümlədən Qarabağın Ermənistan olması barədə bəyanatlar verirlər. Şübhəsiz ki, belə bəyanatlar siyasi prosesin tənzimlənməsinə kömək etmir”.
“Sülhsevər” Paşinyan “Qarabağ Ermənistandır” bəyanatını həm də danışıqlar prosesində müəyyən irəliləyişin sezildiyi, tərəflərin əhalini sülhə hazırlamaq çağırışının səsləndiyi bir vaxtda edib. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bu ilin aprel ayında Moskvada keçirilən görüşündən sonra Elmar Məmmədyarov jurnalistlərə bildirmişdi ki, görüşdə Azərbaycan və Ermənistan jurnalistlərinin Bakıya, Yerevana və Dağlıq Qarabağa səfərlərinin təşkili məsələsinə toxunulub, bundan əlavə, cəbhə bölgəsində kənd təsərrüfatı ilə məşğul olan əhalinin təhlükəsizliyinin təmin olunması barədə razılığa gəlinib: “Ümid edirəm ki, Ermənistan tərəfi buna hörmətlə yanaşacaq. Sakinlərə öz torpaqlarında işləməyə imkan yaradacaqlar”.
Ancaq göründüyü kimi, “demokratik” və “sülhsevər” Ermənistan heç bir sözünün üstündə dayanmır. Elə bu razılaşmalardan bir neçə ay sonra, oktyabrın 2-də Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində yolların salınması ilə məşğul olan ekskavatorun düşmən tərəfindən atəşə tutulması nəticəsində ağır güllə yarası alan sürücü Səfərəli Abışov həlak oldu.