Qaradağ rayonunda “Təmiz hava” aylığı ilə əlaqədar tədbir keçirilib

Qaradağ rayonu ərazisində avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə və insan sağlamlığına vurduğu zərərin qarşısının alınması istiqamətində rayon polis idarəsinin Dövlət Yol Polisi (DYP) Şöbəsinin əməkdaşları tədbir görüb.

Bakı Şəhər DYP İdarəsindən AZƏRTAC-a verilən məlumata görə, keçirilən tədbirlər zamanı avtonəqliyyat vasitələrinin texniki sazlığının daim diqqət mərkəzində saxlanılmasının əhəmiyyəti barədə sürücü və sahibkarlarla maarifləndirici söhbətlər aparılıb. Ətraf mühitə atılan tullantılarda müəyyənləşdirilmiş normadan çox çirkləndirici maddələr olan avtomobillərin idarə edilməsinə və onların istismara buraxılmasına yol verən şəxslər barədə qanunvericiliyə uyğun tədbirlər görülüb.

“Bir daha sürücülərdən, eləcə də sərnişin və yükdaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərdən istifadələrində olan avtonəqliyyat vasitələrini texniki cəhətdən saz vəziyyətdə istismar etmələrini xahiş edirik”, – deyə məlumatda qeyd olunur.

ƏvvəlkiPrezident İlham Əliyev Beynəlxalq Enerji Agentliyinin icraçı direktorunu qəbul edib
NövbətiCOP29 ilə əlaqədar Təşkilat Komitəsinin dördüncü iclası keçirilib