Pandemiya dövründə karantin rejiminin yenidən sərtləşdirilməsi heç kimdə panika yaratmamalıdır. Məsələyə normal və adekvat yanaşmaq lazımdır. Koronavirusla mübarizə istiqamətində Operativ Qərargahın müəyyənləşdirdiyi son tələb və qaydalara riayət etmək hər birimizin borcudur. Bu proses müvəqqətidir və insanların sağlamlığının qorunması məqsədilə həyata keçirilir.
Bu fikirləri AZƏRTAC-a Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev bildirib.
Deputat diqqətə çatdırıb ki, əslində, qaydaların sərtləşdirilməsində vətəndaşlar özləri günahkardır. Daha sərt qaydaların yenidən gündəmə gəlməsinin səbəbi biz özümüzük. Karantin rejimindən mərhələli çıxmaq planı həyata keçiriləndən sonra bəzi vətəndaşlarımız bu vəziyyətdən sui-istifadə etdilər, tövsiyə olunan qaydalara riayət etmədilər. Ona görə də yoluxma ilə sağalma arasındakı fərq birincinin xeyrinə dəyişdi. Azərbaycan hökuməti isə məlum duruma biganə yanaşa bilməzdi. Bu səbəbdən də təcili addımlar atıldı. Hətta Milli Məclisdə də qoruyucu vasitələrdən məcburi istifadəni nəzərdə tutan yeni qanun qəbul olundu. Hamı bir nəfər kimi səfərbər olmalı və bu məsələyə son dərəcə ciddi yanaşmalıdır. Hər bir vətəndaş əvvəlcə özünü, sonra doğmalarını, yaxınlarını bu bəladan xilas etmək barədə düşünməlidir. Çünki başqa çarə yoxdur. Əks təqdirdə vəziyyət daha da ağırlaşacaq”.
Deputat vurğulayıb ki, dövlətimizin başçısı İlham Əliyev də qapalı yerlərdə tibbi maskadan istifadə edir. Bunu Prezidentin Tərtər və Ağcabədi rayonlarına səfəri zamanı da gördük. Dövlət başçısı tibbi maskadan istifadə etməklə həm də bir nümunə göstərdi.
“Biz bu virusdan xilas olacağıq, amma birliyimizlə, həmrəyləyimizlə, əl-ələ verərək. Təbii ki, xəstəliklə mübarizədə zamana ehtiyac var və bu zamanın nə qədər çəkəcəyini heç kəs bilmir. Vaksin tapılana kimi biz həm özümüzü, həm də ətrafdakıları qorumalıyıq. Aydın olan bir şey var ki, qaydalara, tələb və tövsiyələrə nə qədər tez və ciddi əməl etsək, pandemiyadan qurtuluşun yolu da bir o qədər asan olacaq”, – deyə Elşən Musayev vurğulayıb.