Astanada Qazaxıstan Respublikası Baş nazirinin müavini, ölkənin xarici işlər naziri Murat Nurtleu Finlandiyanın “Nurminen Logistics Plc” şirkətinin rəhbərliyi də daxil olmaqla, bir sıra xarici şirkətlərin nümayəndələri ilə danışıqlar aparıb.
Bu barədə AZƏRTAC Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyinin məlumatına istinadən xəbər verir.
Danışıqlar zamanı tərəflər Qazaxıstanın nəqliyyat infrastrukturunun inkişafı, eləcə də Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəliliyini artırmaq məqsədilə birgə investisiya layihələrinin həyata keçirilməsinin perspektivləri və imkanlarını müzakirə ediblər.
Qeyd edək ki, Finlandiya şirkəti müxtəlif dəmir yolu daşımaları və ekspedisiya üzrə xidmətlər göstərən ən böyük logistika operatorlarından biridir. Şirkətin əsas bazarları Finlandiya, Baltikyanı ölkələr və MDB ölkələridir.