Astanada Qazaxıstan və Gürcüstanın Baş nazirləri Oljas Bektenov və İrakli Kobaxidze arasında keçirilmiş görüşdə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TXBNM) inkişafı müzakirə edilib.
AZƏRTAC Qazaxıstan Baş nazirinin rəsmi informasiya resursuna istinadla xəbər verir ki, görülən tədbirlər nəticəsində TXBNM-in buraxılış qabiliyyəti 2027-ci ilə kimi 10 milyon tona çatacaq.
Bundan başqa, rəqabətədavamlı rüsum şərtlərinin yaradılması, çatdırılma müddətinin azaldılması və marşrutla yüklərin daşınma həcminin artırılması üzrə işlərin davam etdirilməsinin vacibliyi vurğulanıb. Eyni zamanda, Gürcüstanda infrastruktur imkanlarının genişləndirilməsində Qazaxıstan şirkətləri də iştirak edirlər. Cari ildə Gürcüstanın Poti limanında Qazaxıstanın nəqliyyat-logistika investisiya qrupu tərəfindən tikilmiş yeni multimodal terminalın işə salınması planlaşdırılıb.
“Keçən il TXBNM ilə həyata keçirilən daşınmaların həcmi 62 faiz artaraq 4,5 milyon tona çatıb. Marşrutun potensialının artırılması, həmçinin “dar” yerlərin (boğazların) problemini aradan qaldırmaq məqsədilə tərəfimizdən infrastrukturun, liman və terminalların gücünün təkmilləşdirilməsi, hərəkət hissələrinin artırılması, inzibati maneələrin aradan qaldırılması və daşınma üçün əlverişli şəraitin yaradılması üzrə işlər aparılır”, – deyə Oljas Bektenov qeyd edib.
İrakli Kobaxidze isə öz növbəsində Gürcüstanın Qazaxıstanla ikitərəfli əlaqələrin inkişafında və gücləndirilməsində maraqlı olduğunu vurğulayıb.
Bundan başqa, Baş nazirlər dünya bazarına neft və neft məhsullarının daşınması sahəsində ölkələrin qarşılıqlı fəaliyyətini də müzakirə ediblər. Belə ki, keçən il Bakı-Tbilisi-Ceyhun boru xətti ilə 1,4 milyon ton Qazaxıstan nefti nəql olunub. Hədəf daşınma həcmini ildə 2,2 milyon tona çatdırmaqdır.