Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının iclası keçirilib.
Şura sədri Azay Quliyev iclası açaraq gündəliyə təklif olunan Şuranın 2020-ci il 2-ci qrant müsabiqəsinin nəticələri, Şuranın 2020-ci il 1-ci qrant müsabiqəsinin nəticələri ilə bağlı Apelyasiya Komissiyasına daxil olmuş müraciətlərə baxılmasının nəticələri və bir sıra QHT layihələrinin ləğvi ilə bağlı Şuranın 2020-ci il 04 mart tarixli iclasının qərarına dəyişiklik edilməsi barədə məlumat verib. Gündəlik yekdilliklə təsdiq olunub.
Azay Quliyev bildirib ki, Şura 2-22 iyun 2020-ci il tarixlərində 7 qrant müsabiqəsi (bunlardan 4 müsabiqə dövlət qurumları ilə birgə təşkil olunub: Diasporla İş üzrə Dövlət Komitəsi, KOBİA, Əsir və girov götürülmüş vətəndaşlarla iş üzrə Dövlət Komissiyası və Qida Təhlükəsizliyi Agentliyi) keçirib. Ümumilikdə 21 mövzunu əhatə edən qrant müsabiqəsinə 120 QHT layihə təqdim edib. Bunlardan 110 layihə ekspertizaya göndərilib. 10 layihə Şuranın müsabiqə qaydalarına uyğun təqdim edilmədiyindən texniki seleksiyadan keçməyib. QHT layihələrinin vətəndaş qiymətləndirməsi üzrə 6156 rəy daxil olib. Onlardan 5942 rəy qeydə alınıb.
Şuranın Apelyasiya Komissiyasının sədri Sahib Məmmədov 2020-ci il 1-ci qrant müsabiqəsinin nəticələri ilə bağlı Apelyasiya Komissiyasına daxil olmuş müraciətlərlə bağlı məlumat verib.
İclasda Şura Katibliyinin QHT layihələrinin ləğvi ilə bağlı Şuranın 2020-ci il 04 mart tarixli iclasının qərarına dəyişiklik edilməsi barədə məktubuna da baxılıb və müvafiq qərar qəbul edilib.
Müzakirələrdən sonra 70 QHT layihəsinin maliyyələşdirilməsi haqqında qərar qəbul olunub.
Qrant müsabiqəsinin nəticələrindən narazı qalan QHT-lər 14 avqust 2020-ci ilədək Şuranın Apelyasiya Komissiyasına müraciət edə bilərlər.