“Qırğızıstanın tarixində ilk dəfə olaraq milli sənədlərimizi özümüz çap etməyə başladıq”, – deyə Qırğızıstan prezidentinin mətbuat katibi Erbol Sultanbayev məlumat verib. Bu barədə AZƏRTAC “Kabar” agentliyinə istinadla xəbər verir.
“Uçkun” dövlət nəşriyyatı üçün ən müasir avadanlıq alınıb. İndi ölkənin tarixində ilk dəfə olaraq milli sənədlərimizi özümüz çap etməyə başladıq”, – deyə o bildirib.
Sultanbayev qeyd edib ki, Qırğızıstan vətəndaşlarının pasportları həmişə xaricdə çap olunurdu. “Bundan əvvəl Qırğızıstanın saxta pasportları xaricdə aşkar edilirdi və onların hazırlandığı yerlər heçdə hər zaman müəyyən olunmurdu. İndi isə çoxrəqəmli müdafiə sistemindən istifadə olunacaq – müdafiə dərəcəsinə görə pasportlarımız dünyanın 10 ən aparıcı ölkəsi ilə bərabər olacaq. Bundan sonra Qırğızıstan vətəndaşlarının bütün milli sənədləri ölkəmizdə çap olunacaq, proses tamamilə dövlətin nəzarətində olacaq. Gələn ildən biz, həmçinin milli valyutamızı da özümüz çap etməyə başlayacağıq”, – deyə o sözlərini yekunlaşdırıb.