Qırğızıstan Prezidentinin səlahiyyətlərini icra edən Talant Mamıtov ölkədə keçiriləcək növbədənkənar prezident seçkilərində və referendumda müşahidəçi kimi iştirak etmək üçün Bişkekdə olan TÜRKPA-nın nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC Qırğızıstan parlamenti-Joqorku Keneşin mətbuat xidmətinə istinadla xəbər verir ki, görüşdə TÜRKPA ilə Qırğızıstan arasında əlaqələrin daha da genişləndirilməsinə, üzv ölkələr arasında daha sıx münasibətlərin qurulmasına dair müzakirələr aparılıb.
Söhbət zamanı Talant Mamıtov TÜRKPA müşahidə missiyasının təcrübəsini yüksək qiymətləndirib və bildirib ki, bu, təşkilatın beynəlxalq arenada rolunun möhkəmləndirilməsi üçün olduqca vacibdir.
Missiyanın əlaqələndiricisi Rəcəb Şəkər bildirib ki, TÜRKPA-nın müşahidə missiyası üzv dövlətlərdə keçirilən seçkiləri fəal şəkildə izləyir və obyektiv münasibət bildirir.