Qırmızı Ürəklər Fondu tərəfindən Kürdəmir və Masallı rayonundan olan 3 şəhid ailəsinə fərdi yaşayış evləri təqdim edilib. 3 otaqdan ibarət tam təmirli fərdi yaşayış evlərində ailələrin rahat yaşaması üçün hər cür şərait yaradılıb. Evlərin açarlarının təqdim edilməsi tədbirində Qırmızı Ürəklər Fondunun prezidenti Sevda Haqverdiyeva və fondun əməkdaşları iştirak ediblər.
Tədbirdə Sevda Haqverdiyeva ölkə Prezidentinin müvafiq göstərişlərinə əsasən, dövlət tərəfindən həssas qruplardan olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini qeyd edib. O bildirdi ki, fond da dövlətin sosial sahədə həyata keçirtdiyi siyasətə hər zaman öz resursları çərçivəsində dəstək göstərməyə çalışır. Fonda donorlar tərəfindən edilən ianələr fəaliyyət istiqamətlərinə uyğun formada layihələrin həyata keçirilməsinə yönləndirilir. Yeni evlərlə təmin olunan şəhid ailələri bu gözəl təşəbbüsə görə fonda və donorlara minnətdarlıqlarını bildiriblər.
“Tarix Yazan Qəhrəmanlarımız” layihəsi çərçivəsində donorlar tərəfindən fonda edilən ianələr hesabına 2023-cü il ərzində daha 7 şəhid ailəsinə fərdi yaşayış evləri təhvil veriləcək. Tikintisi davam edən növbəti dörd evin isə cari ilin 3-cü rübünə kimi təhvil verilməsi planlaşdırılır.
Qeyd edək ki, “Qırmızı ürəklər” 2019-cu ildə “Kapital Bank”ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. https://redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək olar.