Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatında iştirak edən ölkələrin səhiyyə nazirlərinin videokonfrans şəklində görüşü keçirilib.
“Report” xəbər verir ki, nazirlər koronavirus pandemiyası ilə mübarizə üzrə aktual məsələləri müzakirə edib.
Açılış nitqində Azərbaycanın Səhiyyə naziri Oqtay Şirəliyev hazırkı mərhələdə COVID-19 pandemiyasına qarşı mübarizənin hazırlıqdan, sahələrarası hərəkətlərin davamlılığının artırılmasından və ölkələr arasında əməkdaşlığın genişlənməsindən asılı olduğunu qeyd edib.
Qoşulmama Hərəkatı ölkələrinin səhiyyə sistemlərinin rəhbərləri də təhlükəli yoluxucu xəstəliklərin müalicəsi və qarşısının alınması, davamlı təsirli dərmanlar və fərdi qoruyucu vasitələr haqqında daim təcrübə və bilik mübadiləsinin zəruriliyini vurğulayıblar.
Videokonfransda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhan Gebreyesus və ÜST-nin Avropa bölməsinin direktoru Hans Klyuge COVID-19 ilə bağlı vəziyyət üzrə çağırış ediblər.