Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosu Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində təşkil olunmuş qondarma “seçkilər”lə bağlı açıqlama yayıb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, BMT-dən sonra ikinci ən böyük siyasi platforma olan və 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatı ərazilərin güc yolu ilə əldə edilməsinin yolverilməz olduğunu vurğulayaraq, Azərbaycan ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyətin heç bir ölkə tərəfindən qanuni tanınmayacağını bəyan edib.
Bununla əlaqədar olaraq, Qoşulmama Hərəkatının üzv ölkələri martın 31-də Azərbaycanın Dağlıq Qarabağ bölgəsində keçirilmiş qondarma “seçkilər”i tanımadıqlarını və qanunsuz hesab etdiklərini bildiriblər.
Sonda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosu Bakı Zirvə Görüşünün Yekun sənədinin 662-ci paraqrafına istinad edərək, Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə, Ermənistan və Azərbaycan arasında münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllinə dəstəyini bir daha ifadə edib.