“Murad Dadaşovun öz səviyyəsinə uyğun işlərlə məşğul olub, təlxəklik etməsi daha məqsədəuyğundur”.
Enter.News xəbər verir ki, məşhur şoumen Murada Dadaşova belə sərt reaksiyanı Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) sədri, iqtisadçı-alim Qubad İbadoğlu göstərib.
Qubad İbadoğlu özünün Facebook səhifəsində şoumenin neftlə bağlı son fikirlərini ciddi tənqid edib:
“Görəsən, “neft sənin deyil, dövlətindir” fikirləri ilə gündəmə gələn şoumen Murad Dadaşov nə danışdığının fərqinə varır, bilirmi ki, onun neftlə bağlı sərgilədiyi mövqe mərhum prezident Heydər Əliyevin “Neft – Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur” və ya İlham Əliyevin “Hər bir vətəndaş bilir və yaxud bilməlidir ki, Azərbaycana neftdən nə qədər gəlir gəlib, bu gəlirin üstünə nə qədər faiz gəlib, nə qədər xərclənib, necə xərclənib” fikirlərinə ziddir?
Murad Dadaşovda belə cəsarət hardandır ki, ölkə prezidentinin siyasi xəttinin əksinə çıxışlar edir? Onun belə həssas mövzularda fikir bildirməyindənsə, öz səviyyəsinə uyğun işlərlə məşğul olub, təlxəklik etməsi daha məqsədəuyğundur”.
Xatırladaq ki, xalq artisti Murad Dadaşovun “Popumuz var” verilişində dediyi sözlər ciddi reaksiyaya səbəb olub. Şoumen “Bəzən deyirlər, neft sənindir, mənimdir. Neft dövlətindir. Onlara demək lazımdır, sən bu neft üçün nə etmisən? Sən də istedadını göstər, keç önə”, – fikirlərini işlədib.