Avqustun 28-də Qubada Mərkəzi Bank, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosunun birgə əməkdaşlığı çərçivəsində Sığorta Festivalı təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Quba şəhərindəki Nizami adına Mədəniyyət və İstirahət Parkında ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin iştirakı ilə təşkil olunmuş festival həm əyləncəli, həm də məlumatlandırıcı xarakter daşıyıb.
Festival Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 21 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Sığorta sektorunun inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı Tədbirlər Planı”nın maarifləndirmə və təbliğat-təşviqat tədbirinin icrası məqsədilə həyata keçirilən genişmiqyaslı maarifləndirmə layihəsinin tərkib hissəsidir.
Layihənin məqsədi geniş əhali qruplarının və biznes nümayəndələrinin sığorta sahəsində bilik və təsəvvürlərinin artırılması, onların sığorta xidmətlərinə cəlbinin təşviq edilməsindən ibarətdir. Layihə çərçivəsində müxtəlif maarifləndirici və təşviqedici video və animasiya çarxları, poster və digər materiallar hazırlanaraq geniş auditoriyaya təqdim olunur.