Ölkəmizdə ictimai iştirakçılığın mühüm formalarından olan ictimai şuraların inkişafı vacibdir. “İctimai İştirakçılığın Dəstəklənməsi” İctimai Birliyinin “Şimal regionunda ictimai şuraların ictimai iştirakçılıqda rolu və ictimai mexanizimlərin təkmilləşməsinin birgə müzakirəsi” adlı layihəsinin də məqsədi bölgələrdə ictimai şuraların fəaliyyətinin genişlənməsinə təkan verməkdir.
Bu gün Qusar rayonu Gənclər Evində layihə çərçivəsində üçüncü Dəyirmi Masa təşkil olunub. Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.
Tədbiri Qusar rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Nadirşah Məmmədov açaraq, tədbir iştirakçılarını salamlayıb.
Daha sonra layihənin eksperti Şaban Nəsirov layihə haqqında məlumat verib. O, öncə “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanunu haqqında danışıb. Bildirib ki, qanun yerli icra hakimiyyətlərinin fəaliyyətinə ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakını nəzərdə tutulur. Bu baxımdan da ictimai şuraların təkmilləşərək, bu nəzarət funksiyasını üzərinə götürməsi böyük əhəmiyyət daşıyır.
Eləcə də keçirilən tədbirlərin məqsədi bölgələrdəki mövcud olan sosial problemləri ayırd edib, müvafiq qurumların nəzərinə çatdırmaqdır.
Rayonda İctimai Şuranın fəaliyyətindən danışan ekspert bildirib ki, şura müəyyən işləri həyata keçirsə də, informasiya təminatı həyata keçirilmədiyindən həmin fəaliyyət çox da ciddi şəkildə nəzərə çarpmır: “Müasir dövrdə cəmiyyətin güzgüsü mətbuat, sosial şəbəkələrdir ki, onlar üzərində informasiya təminatının həyata keçirilməsi mühüm məsələdir. Məlumdur ki, ictimai şuralar hər hansı bir maddi təminat həyata keçirilmədən fəaliyyət göstərirlər ki, buna görə də çatışmazlıqlar müəyyən qədər anlaşılandır”.
İctimai Şuranın sədri Nadirşah müəllim Şaban Nəsirovun sözlərinə dəstək verərək bildirib ki, maliyyə çatışmazlığı fəaliyyətə əngəl törədən başlıca məsələlərdəndir: “Məsələn, biz şəhid ailələrinə baş çəkirik. Biz 5 litr benzinə də pul veririk, ürəyimizdən onların balalarına pay aparmaq keçir, öz maliyyəmizlə bir dəfə bunu edə biləndə, ikinci dəfə edə bilmirik. Doğrudur, icra hakimiyyəti bizə öz dəstəyini göstəririr. Amma dövlət tərəfindən müəyyən iqtisadi dəstəklənmə olarsa, bu işlər daha ciddi şəkildə həyata keçirilər”.
Şaban Nəsirov da qeyd edib ki, mövcud durumda ictimai təşkilatların, o cümlədən də ictimai şuraların üzərinə düşən başlıca vəzifə şəhid ailələri və qazilərin problemlərinin həllinə dəstək verməkdir.
Tədbirdə daha sonra rayonun, bir sıra problemləri müzakirə olunub. Sonda Şaban Nəsirov tədbirin keçirilməsinə şərait yaratdığına Qusar Rayon İcra Hakimiyyətinin nümayəndələrinə öz təşəkkürünü bildirib.