Oktyabrın 25-də “Rəqəmsal bacarıqlar” layihəsinin 5 illik fəaliyyətinə həsr olunmuş hesabat tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev son dövrdə təhsil sahəsində innovativ texnologiyaların istifadəsi, bu istiqamətdə müəllimlərin bacarıqlarının artırılması, həmçinin sözügedən sahənin inkişafı üzrə keçirilən təhsil layihələrində əldə olunan uğurlardan danışıb. Nazir bildirib ki, informatika fənninin yeni formatda tədrisi müasir texnologiya və rəqəmsal bacarıqları təcrübədə öyrənməyə imkan verir, təkcə proqramlaşdırmanı deyil, biliyin praktikada tətbiqi bacarıqlarını da öyrədir.
Daha sonra hesabat filmi nümayiş edilib.
Hesabat filmindən sonra Nilufər Rəhimova rəhbəri olduğu layihənin fəaliyyətinə dair geniş təqdimatla çıxış edib.
Qeyd edək ki, “Rəqəmsal bacarıqlar” layihəsi hazırda 48 şəhər və rayonda yerləşən 418 məktəb üzrə 2-9-cu siniflər olmaqla 300 min şagirdi və 3000-dək müəllimi əhatə edir. Ötən ildən etibarən şagirdlərin informasiya texnologiyaları peşələrinə hazırlanması, veb-tərtibat, 3-D modelləşdirmə, kodlaşdırma, sistemlərin avtomatlaşdırması, “Smart city”, robototexnika, həmçinin “Scratch” və “Python” proqramlaşdırma dilləri üzrə dərin biliklərin aşılanması və praktik tətbiqi məqsədilə “Rəqəmsal bacarıqlar” təmayül 10-11-ci sinifləri yaradılıb. Ötən tədris ili pilot 11 məktəbdə 300-dən çox şagird təkmilləşdirilmiş proqram üzrə informatika təmayüllü tədrisə cəlb olunubsa, bu rəqəm 2022-2023-cü tədris ilindən 20 məktəbdə 720 şagirdə çatıb.
Tədbirdə informasiya texnologiyaları ixtisasının tədris edildiyi ali təhsil müəssisələrinin rektor və pedaqoji heyəti, məktəb direktorları, müəllim və şagirdlər iştirak ediblər.