İyulun 23-də “Rəqəmsal bacarıqlar” layihəsi üzrə 2020-2021-ci tədris ilinin yekunlarına dair onlayn hesabat tədbiri keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirin keçirilməsində məqsəd il ərzində layihə çərçivəsində görülmüş işlər haqqında ictimaiyyətin məlumatlandırılması və layihənin növbəti tədris ilində genişləndirilməsi istiqamətində görüləcək işlərin təqdim edilməsi olub.
Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov layihənin əhəmiyyətindən danışıb. O qeyd edib ki, layihənin əsas məqsədi təhsilalanların informasiya kommunikasiya texnologiyaları bacarıqlarına dərindən yiyələnməsi, onların informasiya məkanında sərbəst və məqsədyönlü fəaliyyətinə nail olunmasıdır. Eyni zamanda, şagirdlərin rəqabətqabiliyyətli, məntiqi və qeyri-standart düşüncə tərzinə malik şəxslər kimi formalaşmasına şərait yaratmaqdır. Layihə təhsilalanlara yeni texnologiya və rəqəmsal bacarıqları təcrübədə öyrənməyə, proqramlaşdırmanın sirlərinə bələd olmağa imkan verir. Onlar təkcə proqramlaşdırmanı deyil, biliyin təcrübədə tətbiqi bacarıqlarını da öyrənirlər.
Layihənin əhatə dairəsi barədə məlumat verən layihə rəhbəri Nilüfər Rəhimova bildirib ki, 2017-2018-ci tədris ilində start verilən “Rəqəmsal bacarıqlar” ilkin olaraq Bakı şəhərində 45 məktəbdə V siniflər üzrə 65 min şagirdi əhatə edib. Cari tədris ilində isə layihənin uğurlu tətbiqi nəticəsində ölkənin 9 şəhər və rayonu üzrə 222 məktəb və 120 minədək Azərbaycan və rus bölmələrinin şagirdləri əhatə olunub.
Qeyd olunub ki, növbəti tədris ilində mövcud məktəblərdə siniflərin sayının artırılması, həmçinin, yeni şəhər və rayonlar üzrə məktəblərin layihəyə qoşulması planlaşdırılır. 2021-2022-ci tədris ilində layihə Bakı, Sumqayıt, Gəncə, Şəki, Şirvan, Şamaxı, Lənkəran, Biləsuvar, Mingəçevir, Xaçmaz, Yevlax, Sabirabad, Salyan, Şəmkir, Göyçay və Şabran şəhər və rayonları üzrə 250 məktəbdə tədris alan 190 minədək şagirdi əhatə edəcək.
Daha sonra tədris ili ərzində layihə çərçivəsində görülən işlər barədə videoçarx izlənilib. Həmçinin, direktor, müəllim və şagirdlər öz təcrübələrini bölüşüblər.
Sonda layihə çərçivəsində səmərəli və uğurlu fəaliyyət göstərdiklərinə görə məktəb və müəllimlər sertifikatlarla təltif olunublar.