Ramin Quluzadə “AZCLOUD Hackathon 2019” müsabiqəsinin iştirakçıları ilə görüşüb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin təşkilatçılığı “Hewlett Packard Enterprise”, “R.I.S.K Company”, “Azercell Telekom”, “TrendMicro”, “Juniper Networks”, “Cisco” və “Bestcomp Group” şirkətlərinin sponsorluğu və tərəfdaşlığı ilə keçirilən “AZCLOUD Hackathon 2019″ müsabiqəsi davam edir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Bakı Olimpiya Stadionunda müsabiqənin iştirakçıları ilə görüşüb. Komandaların üzvləri ilə tanış olan nazir gənclərin informasiya texnologiyaları sahəsinə artan marağını xüsusi vurğulayıb.

Ramin Quluzadə informasiya-kommunikasiya texnologiyaları sahəsində yüksək ixtisaslı gənc kadrlara ehtiyac olduğunu bildirib, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində və tabeliyindəki qurumlarda gənc kadrlara yaradılan şəraitdən danışıb.

Daha sonra nazir komanda iştirakçıları ilə “AZCLOUD Hackathon 2019″ yarışması, bu yarışa qatılmaqda məqsədləri və gələcək planları haqqında ətraflı söhbət edib. Gənclərin suallarını cavablandırdıqdan sonra Ramin Quluzadə iştirakçılar üçün ayrılmış xüsusi “skybox”-ları gəzib və komandalara yaradılmış şəraitlə tanış olub.

ƏvvəlkiBakının Baş Planı 2020-ci ilin oktyabrında təsdiqlənəcək
NövbətiAğdam rayonu Quzanlı qəsəbəsində ödənişsiz səyyar tibbi xidmət aksiyası keçirilib