“Demokratik İnkişafın Təşviqi” İctimai Birliyi “Ətraf mühitin çirkləndirilməsi ilə mübarizədə bələdiyyə, QHT və sakinlərin birgə tədbirlərin keçirilməsi” layihəsi üzrə tədbirlərini davam etdirir.
Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə keçirilir.
Fevralın 1-dən başlanan layihə Şabran və Xaçmaz rayonlarında keçirilir. Bu gün Xaçmaz rayon Heydər Əliyev Mərkəzində növbəti dəyirmi masa keçirilib.
Dəyirmi Masanı İcra Hakimiyyətinin ictimai –siyasi və humanitar məsələlər şöbəsinin nümayəndəsi Ceyhun Musayev açıb. O, İctimai Birlik nümayəndələrini tədbir iştirakçılarına təqdim edib.
Sonra layihə rəhbəri Teymur Nəsirov layihə barədə kiçik məlumat verib. Layihənin eksperti Şaban Nəsirov isə bildirib ki, qarşıdan yay fəsli gəlir. Bu fəsildə bölgənin turizm daha da genişlənir. Ötən iki il pandemiya turizmə böyük fəsadlarını vurdu, bu il isə vəziyyət fərqlidir. Bu baxımdan da regionlarda ictimai yerlərin təmizliyinin qorunması vacibdir.
Ekspert qeyd edib ki, təmizliyin qorunmasının inzibati yollarla təmin edilməsi çətindir. Amma sakinlər arasında maarifləndirmə işlərinin aparılması məqsədəuyğundur: “İstər parklara, istərsə də dənizkənarına istirahətə yollanan şəxs ekologiyaya daha az ziyan vurmaq barədə düşməlidir. Bunun yolları isə ilk növbədə maarifləndirmədən keçir”.
Sonra isə mövzu ətrafında müzakirə aparmaq üçün söz dəyirmi masa iştirakçılarına verilib.
Çarxı bələdiyyəsinin sədri Yaşar Hüseynov rayonda mövzunun aktual olduğunu bildirib: “Bu bizim yaralı yerimizdir. Zibillərin yığılması üçün poliqonlar uzaq məsafədədir. Bizdən poliqona qədər olan məsafə 15-20 km-dir. Təəssüflər olsun ki, əhali təmizliyə riayyət etmir. Bələdiyyələrin vəziyyəti isə çox ağırdır, zibillərin daşınması üçün texnika çatışmazlığı var”.
Bələdiyyə sədri qeyd edib ki, hətta bir neçə bələdiyyənin balansına bir texnika da verilə, onlar bundan növbə ilə istifadə edə bilərlər.
Şaban Nəsirov isə qeyd edib ki, layihənin məqsədi məhz problemləri, təklifləri əlaqədar qurumların diqqətinə çatdırmaqdır.
Qazançı bələdiyyəsinin sədri AzərAbbasov bildirib ki, ekologiyanın qorunması həm ictimai, həm də dövlət təşkilatları üçün prioritet məsələ olmalıdır. Eləcə də bu cür layihələrin orta məktəblərdə təşkil edilməsi məqsədəuyğundur: “Bu günki məktəblilər sabahın gəncləridir. Maarifləndirməyə onlardan başlanılmalıdır”.
Xaçmaz rayon Kənd Təssərrüfatının İnkişafına Dəstək İctimai Birliyinin sədri Famil Baxışov mövzunun aktual olduğunu deyib və dəyirmi masadan sonra hansı işlərin görüləcəyi ilə maraqlanıb.
Teymur Nəsirov isə bildirib ki, gələcəkdə layihənin davamlı olmasına çalışılacaq: “Dəyirmi masalarda üzə çıxan problemlərlə bağlı dövlət qurumlarının “qapısını döyməyi” düşünürük. Bundan başqa gələcək layihələrimizdə bəzi avadanlıqların alınmasını layihənin büdcəsinə əlavə etməyi planlaşdırırıq”.
Mövzu istiqamətində müzakirələr çay süfrəsi arxasında davam edib.