“Report” İnformasiya Agentliyinin (İA) fəaliyyətə başlamasından 9 il ötür. Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən “Report” İA ötən doqquz il ərzində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələr üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri operativ şəkildə işıqlandıraraq, özünə geniş oxucu auditoriyası toplayıb. Yarandığı gündən – 2014-cü ildən agentliyin qarşıya qoyduğu məqsəd ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırmaq, ictimai-siyasi, iqtisadi proseslərlə bağlı analitik materiallar təqdim etmək, gündəmin vacib hadisələri ilə bağlı eksklüziv müsahibə və açıqlamalar yaymaq, Azərbaycanda baş tutan irimiqyaslı tədbirləri foto və videoreportajlar vasitəsilə işıqlandırmaqdan ibarət olub. Agentlik hər gün 3 dildə, 500-dən çox xəbər yayır. Agentliyin Rusiya, Türkiyə, Ukrayna, ABŞ və Fransada fəaliyyət göstərən xüsusi büroları isə həmin ölkələrdə baş verən mühüm hadisələri, Azərbaycanla həmin ölkələr arasında əlaqələrin inkişafı ilə bağlı məqamları, orada yaşayan azərbaycanlıların fəaliyyətini diqqətlə izləyir, müxtəlif səpkili yazılar hazırlayır.
İlk gündən eksklüziv xəbərlərə üstünlük verən agentlik bütün yerli saytlar üçün etibarlı istinad mənbəyinə çevrilib. Hazırda “Report”un özəl xəbərlərini gün ərzində çoxlu sayda yerli və xarici mötəbər kütləvi informasiya vasitələri istinadla dərc edir. Agentliyin dərc etdiyi məlumatlara abunə olan qurumlar və şəxslər www.report.az saytında gedən bağlı xəbərləri, analitik məlumatları oxumaq üstünlüyü qazanırlar.
“Bizi sevindirən hal odur ki, bizim xəbərlər bir çox portallarda, televiziya kanallarının xəbərlərində istifadə olunur, istinadlarımız var, informasiya agentliyi üçün də ən dəyərli budur. “Report”un xəbərləri bu dəqiqə cəmiyyətdə çox etibarlıdır. Oxuculara ilk olaraq xəbəri çatdırmaq və təsdiqlənmiş doğru xəbəri çatdırmaq. Ola bilər ki, hansı bir məlumatı eşidək, amma onu təsdiqlənməmiş sayta vermirik”, – deyə “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev AZƏRTAC-a bildirib.
Agentlik Azərbaycanda ixtisaslaşmış jurnalistlərin hazırlığına da töhfə verməyə davam edir. Media sahəsində peşəkar kadrlar yetişdirmək, dünya mətbuatının yararlandığı müasir trendləri gənc jurnalistlərə aşılamaq məqsədilə agentlikdə Report Media Məktəbi fəaliyyət göstərir.
“Report” İnformasiya Agentliyi “Global Media Group” şirkətinin tərkibinə daxildir.
Türk.az kollektivi həmkarlarını təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayır.