Azərbaycan Əczaçılar Assosiasiyası tərəfindən Azərbaycan Tibb Universitetinin yaradılmasının 90, Azərbaycanda Əczaçılıq təhsilinin 80 illik yubileylərinə həsr edilmiş “Əczaçılığın Müasir Problemləri” mövzusunda Beynəlxalq Elmi Konqres keçiriləcəkdir.
Konqres iştirakçılarına!
Hörmətli məsləkdaşlar!
Azərbaycan Əczaçılar Assosiasiyası tərəfindən 23-24 aprel 2020-ci il tarixində Bakı şəhərində keçiriləcək “Əczaçılığın Müasir problemləri” mövzusunda Azərbaycan Tibb Universitetinin yaradılmasının 90, Azərbaycanda Əczaçılıq təhsilinin 80 illik yubileylərinə həsr edilmiş “Beynəlxalq Elmi Konqres”də sizləri də aramızda görməkdən qürur duyacağıq!
Şərq təbabətindən bəhrələnən Azərbaycan əczaçılığı dərin tarixi köklərə malikdir. İftixar hissi ilə qeyd etmək lazımdır ki, keçmiş SSRİ-nin türkdilli respublikaları arasında, o cümlədən Türkiyə Cümhuriyyəti və İran İslam Respublikası daxil olmaqla, ali əczaçılıq təhsili üzrə ilk qurum-Azərbaycan Dövlət Əczaçılıq İnstitutu, məhz Azərbaycan Respublikasında 1939-cu ildə təşkil olunmuş və sonradan II Dünya müharibəsinin başlanması ilə əlaqədar olaraq Azərbaycan Dövlət Tibb İnstitutunun əczaçılıq fakültəsinə çevrilmişdir. Keçən bu 80 il ərzində fakültəmiz, respublikamızla yanaşı digər ölkələr üçün də ali təhsilli əczaçı kadrlar hazırlamışdır. Bu kadrlar elmi-pedaqoji, istehsalat və təcrübi əczaçılığın müxtəlif sahələrində müvəffəqiyyətlə fəaliyyət göstərirlər.
“Əczaçılığın müasir problemləri”nə həsr olunmuş Beynəlxalq tədbirin keçirilməsində məqsəd son illər ərzində görülən işlərə yekun vurmaq, qazanılan nailiyyətlərə söykənərək gələcək işləri planlaşdırmaqdır.
Məlumdur ki, müasir elmin inkişafı inteqrasiyasız, beynəlxalq əməkdaşlıq etmədən mümkün deyildir. Bu baxımdan sizlərin iştirakı ilə günəşli Azərbaycanımızın paytaxtı Bakı şəhərində möhtəşəm tədbirin keçirilməsinə ümid edirik.
Konqresdə əczaçılıq elminin bütün sahələri, eləcə də yeni dərman vasitələrinin yaradılması istiqamətində həmmərz elmlər sahəsində də aparılan elmi-tədqiqat işlərinin, eləcə də praktik əczaçılığın maraq dairəsində olan problemli məsələlərin müzakirəsi planlaşdırılır.
Əczaçılıq sahəsində Dövlət siyasətini həyata keçirən qurumlar, özəl sektorun nümayəndələri, tədqiqatçılar, tədrislə məşğul olan professor-müəllim heyəti və tələbələr arasında əlaqə yaradaraq müasir problemlərimizin həllinə çalışan konqresdə iştirakınıza ümid bəsləyirik.
Konqresin sədri prof. T.A.Süleymanov.