İtaliyada yaşayan və təhsil alan azərbaycanlılar paytaxt Romanın mərkəzindəki “Piazza dei Santi Apostoli” meydanında Azərbaycan ərazilərinin minalarla çirkləndirilməsinə qarşı etiraz aksiyası keçiriblər.
AZƏRTAC xəbər verir ki, aksiyanın məqsədi İtaliya və dünya ictimaiyyətinin diqqətini Ermənistanın Azərbaycan ərazilərini minalarla çirkləndirməsi probleminə yönəltmək və Ermənistandan Qarabağdakı mina sahələrinin xəritələrini verməyi tələb etmək olub.
Aksiya iştirakçıları Azərbaycanın uzun illər erməni işğalında qalmış ərazilərində Ermənistan tərəfindən basdırılan minaların bu gün də mülki şəxslərin ölümünə səbəb olduğunu bildiriblər. Soydaşlarımız mina terroruna son qoyulmasını tələb edib, “Erməni terroruna son!”, “Mina terrorunu dayandırın!”, “Ekoloji terrora son!” kimi şüarlar yazılmış plakatlar qaldırıb, İrəvanı sülhü dəstəkləməyə, mina xəritələrini verməyə çağırıblar.
Uzun illərdir Romada yaşayan həmyerlimiz Aynur Aşurova AZƏRTAC-a müsahibəsində bildirib: “Bugünkü aksiyanın məqsədi Ermənistanın hələ də dəqiq mina xəritələrini Azərbaycana təqdim etməməsidir. Çünki Ermənistanın mina xəritələri ilə bağlı öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi çox sayda insan itkisi ilə nəticələnir, eləcə də keçmiş məcburi köçkünlərin öz yurdlarına tez bir zamanda qayıtmasına mane olur. Düşünürəm ki, mina terroruna son qoyulması istiqamətində qəti tədbirlərin görülməsinin vaxtı çatıb”.
Aksiya iştirakçısı Lalə Zeynalova deyib ki, İtaliyanın və bütövlükdə Avropa ictimaiyyətinin diqqətini Ermənistanın mina terroruna, Azərbaycan ərazilərində erməni işğalının hələ də mövcud olan dağıdıcı fəsadlarına yönəltmək istəyirik. O bildirib ki, Ermənistanın hazırda da davam edən mina terroru vətəndaşlarımızın ölümünə səbəb olur, işğaldan azad edilən ərazilərdə bərpa və yenidənqurma işlərinə böyük maneə yaradır.
Romada yaşayan soydaşımız Kərim İsmayılov isə qeyd edib ki, aksiya beynəlxalq ictimaiyyətin diqqətini mina terrorunun planetimizin gələcəyi üçün çox ciddi təhlükə olmasına, Ermənistanın Azərbaycan ərazilərini minalarla çirkləndirməsi probleminə yönəltmək və bu ölkədən Qarabağdakı mina sahələrinin xəritələrini verməyi tələb etmək məqsədilə keçirilib.