Rusiyanın təbii qaz inhisaçısı – “Qazprom” şirkəti gələn ilin mart ayına qədər Azərbaycana 1 milyard kubmetr “mavi yanacaq” nəql edəcək.
“Report” bu barədə şirkətə istinadən xəbər verir.
Məlumata görə, noyabrın 15-də yeni qaz alqı-satqısı müqaviləsi çərçivəsində Rusiya qazının Azərbaycana tədarükü başlayıb.
Sənəd Dövlət Neft Şirkəti (SOCAR) ilə “Qazprom”un törəmə şirkəti – “Qazprom Eksport” MMC arasında imzalanıb.
Xatırladaq ki, “Qazprom”un dünyadakı təbii qaz ehtiyatlarında payı 15 %, qaz istehsalında payı isə 12 %-dir. Şirkət bu baxımdan dünyada lideridr. Rusiyada isə “mavi yanacaq” hasilatının 68%-i onun payına düşür.
“Qazprom” hazırda Yamal yarımadasının, Arktika şelfinin, Şərqi Sibirin və Uzaq Şərqin qaz ehtiyatlarının işlənməsi üzrə irimiqyaslı layihələri, eləcə də xaricdə karbohidrogenlərin kəşfiyyatı və hasilatı üzrə bir sıra layihələri fəal şəkildə həyata keçirir.
“Qazprom” Rusiya ərazisində uzunluğu 178,2 min km olan dünyanın ən böyük qaz ötürmə sisteminə sahibdir. Şirkət 30-dan çox ölkəni qazla təmin edir.