Azərbaycan və Ermənistan ərazilərində tutulub saxlanılan şəxslərin dəyişdirilməsi və onların vəziyyətinin yüngülləşdirilməsi ilə bağlı məsələlər daim Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqların gündəliyində olur.
AZƏRTAC xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu barədə Moskvada keçirdiyi brifinqdə danışıb.
O deyib: “Məsələn, keçən il Moskvada məhbusların qohumları tərəfindən onlara baş çəkilməsi haqqında qərar qəbul edilmişdi. Sonra Azərbaycan və Ermənistan hərəsi bir əsiri qaytardı və ATƏT-in Minsk qrupunun həmsədrləri vasitəsi ilə başqa məhbusların taleləri barədə məsləhətləşmələr davam edir. Biz həmin məsləhətləşmələrin gedişini diqqətlə izləyəcəyik”.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahda keçirilən brifinqdə çıxış edib. O bildirib ki, Azərbaycan tərəfi əsirlərin və girovların “hamısını hamısına” prinsipi üzrə dəyişdirilməsinə tərəfdardır.