Dekabrın 25-də Azərbaycan Könüllüləri Təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə şəhid ailələri və qazilər üçün Yeni il şənliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, şənlik Dövlət Himninin sədası və Vətənimizin bütövlüyü uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Çıxışlarda 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun əldə etdiyi Zəfərin xalqımıza yaşatdığı əvəzsiz sevinc və qürur hissindən, şəhidlərimizin və qazilərimizin qəhrəmanlıqlarından söz açılıb, şəhid və qazi ailələrinin hər zaman diqqət mərkəzində saxlanıldığı bildirilib.
Füzuli rayon Mərkəzi Xəstəxanasının şöbə müdiri Lalə Sabirli 44 günlük Vətən müharibəsi haqqında danışarkən deyib: “Həkim olaraq yatmadan, dincəlmədən, ac-susuz vətən oğullarını müalicə etdik. Bu gün də şəhidlərimizin yadigarlarını sevindirmək üçün onları bir araya gətirmişik. 400-ə yaxın şəhid ailə üzvü və qazilər bugünkü şənlikdə iştirak edirlər. Körpələrin üzündə təbəssümü seyr etmək bizi çox sevindirir”.
Azərbaycan Könüllüləri Təşkilatının üzvü Şölə Ağayeva dinc yaşayışa görə Prezident İlham Əliyevə təşəkkür edib: “Ali Baş Komandan İlham Əliyevin sayəsində hər kəsin yanında başımız ucadır. Biz də Vətənə olan burcumuzu bu formada yerinə yetiririk. Bizlər üçün nə xoş ki, canların qurban verən şəhidlərin ailə üzvlərini sevindirə bilirik”.
Şəhid Muxtar Qasımlının anası Almaz Qasımova 2023-cü ildə xalqımıza, ölkəmizə əmin-amanlıq arzu edib: “Ali Baş Komandan, Prezident İlham Əliyevin uzaqgörən siyasəti, şəhidlərimiz və qazilərimiz sayəsində biz bu gözəl günləri yaşayırıq. Xalqımıza daim güclü gənclər lazımdır. Şükürlər olsun ki, bugünkü gündə belə gənclərimizin sayı çoxdur. Arzu edirəm ki, ölkəmizdə firavan, dinc həyat hökm sürsün”.
Tədbir iştirakçıları dillərə dastan olan “Xudayar təsnifi”nin sədası ilə qəmgin, lakin qürurlu olan günləri xatırlayıblar. Elə bu məqamda şəhid Xudayar Yusifzadənin anası Radə Qurbanova bu nəğməni hər eşidəndə keçirdiyi hissləri bizimlə bölüşüb: “Xudayar təsnifi” bütün şəhidlərin səsi və onların təsnifidir. Bu səsləndirilən nəğmə Vətəni ana sevgisindən uca tutan bütün oğullarımıza həsr olunub. Allah şəhidlərimizin ruhunu şad etsin”.
Qeyd edək ki, Yeni il şənliyində Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşı olmuş şəhid jurnalist Məhərrəm İbrahimovun ailə üzvləri – həyat yoldaşı Bahar xanım, övladları Uğur və Toğrul da olmaqla ümumilikdə 400-ə yaxın şəhid ailə üzvləri, qazilər iştirak edib.