Milli Qəhrəman Əliyev İmanverdi Barat oğlunun şəhadətinin 32-ci ildönümündə xatirəsi anılıb. Rayon Polis Şöbəsinin həyətində şəhidin xatirəsinə ucaldılan büstü ziyarət edilib, xatirəsi böyük ehtiramla yad olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidin xatirəsini yad edənlər arasında ailə üzvləri ilə bərabər, İmişli Rayon İcra Hakimiyyətinin, YAP İmişli rayon təşkilatının, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri yer alıb. Ziayrətdən sonra şəhidin ailəsi ilə evlərində görüş olub. Qeyd edilib ki, Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbə bir daha sübut etdi ki, Milli Qəhrəman İmanverdi Əliyev kimi igidlərimiz ölkəmizdə böyük bir qəhrəmanlıq məktəbi yaradıb. Məhz bu məktəbin davamçıları olaraq Azərbaycan Ordusunun əsgərləri döyüşlərdə tarixi qələbələr qazanaraq bir daha bütün dünyaya ordumuzun gücünü, qüdrətini hiss etdirib. Həmçinin bildirilib ki, şəhidlərimizlə onların ailə üzvləri ilə bərabər, bütün xalq qürur duyur, ehtiramla anır.
Qeyd edək ki, 1991-ci il noyabrın 15-də Hadrut istiqamətində Şaqax kəndinə hücuma keçən zaman yüzlərlə erməni yaraqlısına qarşı 17 nəfər polis əməkdaşının olduğu döyüşdə xüsusi rəşadət göstərən İmanverdi Əliyev qəhrəmancasına şəhid olub. Əliyev İmanverdi Barat oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib və adının əbədiləşdirilməsi məqsədilə İmişli şəhərindəki küçələrdən biri onun adını daşıyır. Həmçinin rayonun Qulubəyli kənd orta məktəbi də Milli Qəhrəmanın adınadır.