Bakıdakı Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə bağlı hazırlıqlar davam edir.
AZƏRTAC xəbər verir ki, ənənəvi olaraq xiyaban ərazisində müxtəlif rəngli qərənfillərdən xüsusi kompozisiyalar hazırlanır. Bu işlərə təcrübəli mütəxəssislər, landşaft-dizaynerləri cəlb olunub.
Bakı Şəhər İcra Hakimiyyətinin qurumları Şəhidlər xiyabanında geniş təmizlik və abadlıq işləri görür. Eləcə də işıq dirəkləri rənglənir, səkilər və bütün ərazi yuyulur, xiyabandakı hər iki məşəldə profilaktika işləri aparılır. Bundan əlavə, ağacların budaqları, bəzi kollar budanıb, qazon örtüyü yenilənib, yeni güllər və kollar əkilib.
Hazırlıq işlərinin sabah günorta saatlarında yekunlaşdırılması planlaşdırılır.