Rusiyanın Xantı-Mansiyskdə şahmat üzrə Dünya Kuboku turnirinin 1/8 final mərhələsinin ilk partiyaları oynanılıb.
“Report” xəbər verir ki, bu mərhələdə Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun görüşündə heç-heçə qeydə alınıb.
Növbəti görüş sabah olacaq. Orada da bərabərlik qeydə alınarsa, qalib sentyabrın 22-də tay-breykdə müəyyənləşəcək.
Qeyd edək ki, Azərbaycanın yarışa qatılan digər şahmatçıları mübarizəni dayandırıb. Arkadi Naydiç almaniyalı Niklas Huşenbetə, Nicat Abbasov ABŞ təmsilçisi Leyner Dominquez Perezə, Eltac Səfərli isə Ş.Məmmədyarova məğlub olub. Dünya kubokunun finalına yüksələcək şahmatçılar 2020-ci ildə şahmat tacına iddiaçılar turnirində iştirak hüququ qazanacaqlar. Turnirin bürünc mükafatçısı da təşkilatçıların xüsusi dəvətnaməsi olacağı halda belə bir hüquqa yiyələnə bilər.
Sentyabrın 10-da start götürən dünya kuboku turnirinə oktyabrın 4-də yekun vurulacaq. Sonuncu gün həlledici görüşlər üçün tay-breyk qarşılaşmaları nəzərdə tutulub. Turnirin mükafat fondu 1,6 milyon dollardır. Qalib 110 min, finalçı isə 80 min dollar qazanacaq.