Şəki on üçüncü dəfə beynəlxalq musiqi festivalına ev sahibliyi edir

İyulun 5-də Azərbaycanın qədim sənət və mədəniyyət mərkəzlərindən olan Şəkidə növbəti musiqi bayramı – Şəki “İpək Yolu” XIII Beynəlxalq Musiqi Festivalı başlayıb.

Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşan musiqi festivalında Rusiya, İndoneziya, Hindistan, TÜRKSOY ölkələrindən gəlmiş rəqs və musiqi qrupları, ifaçılar, eləcə də Azərbaycanın tanınmış musiqi kollektivləri, istedadlı musiqiçilər iştirak edirlər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, festivalın təntənəli açılış mərasimi “Marxal” kompleksinin Yay Teatrında keçirilib.

Mərasimdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Azərbaycanın qədim mədəniyyət və incəsənət mərkəzlərindən biri olan Şəki şəhərinin beynəlxalq festivalların, tədbirlərin keçirilməsi üçün unikal bir məkan olduğunu diqqətə çatdırıb. Şəkinin artıq Azərbaycanda festivallar şəhəri kimi tanındığını vurğulayan icra hakimiyyətinin başçısı deyib: “Dünya musiqi sənətinin parlaq incilərindən ibarət müxtəlif konsert proqramlarının yer aldığı, gözəl ifaçıların qatıldığı Şəki “İpək Yolu“ Beynəlxalq Musiqi Festivalı şəhərimizin mədəni həyatında böyük bir hadisədir. Bu festivalın yüksək səviyyədə qeyd olunması xalqımızın zəngin mədəniyyətinin, şəhərimizin turizm potensialının təbliği baxımından mühüm əhəmiyyətə malikdir”.

Qeyd olunub ki, Şəkinin çox zəngin tarixi, mədəniyyəti var. Şəki gözəl təbiəti, tarixi memarlıq abidələri, özünəməxsus adət-ənənələri, nadir sənətkarlıq növləri, dadlı mətbəxi, eyni zamanda, sakinlərinin qonaqpərvərliyi ilə seçilir. Şəki şəhəri 2010-cu ildə “Azərbaycanın Sənətkarlıq Paytaxtı” seçilib, 2012-ci ildə “Türk dünyasının qeyri-maddi mədəni irs paytaxtı”, 2016-cı ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunub, 2017-ci ildə UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə daxil edilib. 2019-cu ildə isə Azərbaycanın və Şəkinin həyatında çox əlamətdar hadisə baş verib – Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

Ölkəmizdə mədəni irsin qorunub saxlanmasına, xalqımıza xas zəngin mədəniyyətin təbliğ olunmasına daim yüksək diqqət və qayğı göstərildiyini bildirən Elxan Usubov Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sahədə gördüyü işlərin əhəmiyyətini xüsusi vurğulayıb.

Festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor, AMEA-nın müxbir üzvü, Xalq artisti Firəngiz Əlizadə çıxış edərək möhtəşəm musiqi bayramı kimi gözəl bir ənənəyə çevrilən və artıq on üçüncü dəfədir keçirilən Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalının bu dəfə də şəkililərə və qonaqlara unudulmaz anlar yaşadacağını bildirib.

İndiyədək keçirilən festivallarda dünyanın 35 ölkəsindən tanınmış musiqi kollektivlərinin iştirak etdiyini xatırladan Bəstəkarlar İttifaqının sədri builki festivalın da proqramının zəngin olduğunu, festivala İndoneziya, Hindistan, Rusiya, Türkiyə, Özbəkistan və Qazaxıstanın musiqi kollektivlərinin dəvət olunduğunu bildirib. Firəngiz Əlizadə Şəki “İpək Yolu” Beynəlxalq Musiqi festivallarının Bəstəkarlar İttifaqının fəaliyyətində mühüm yer tutduğunu vurğulayıb.

Azərbaycanın TÜRKSOY təşkilatındakı nümayəndəsi Elçin Qafarlı çıxış edərək Şəki “İpək Yolu” XIII Beynəlxalq Musiqi Festivalının da ən yüksək səviyyədə keçəcəyinə əminliyini ifadə edib, festivalın işinə uğurlar arzulayıb.

Rəsmi hissədən sonra İndoneziyanın “Mila Art” rəqs və “Hamdani” musiqi qrupları maraqlı konsert proqramı ilə çıxış ediblər.

Məlumat verilib ki, “Mila Art Dance “2012-ci ildə Mila Rozinta Totoatmojo tərəfindən yaradılmış qadın artistlərdən ibarət rəqs qrupudur. Bu qrup bütün üzvlərin eyni görkəmi ilə seçilən birgə sənət, yaradıcılıq və təcrübə məktəbidir. Yarandığı vaxt 8 üzvdən ibarət olan “Mila Art” hazırda 22 sənətçi ilə İndoneziyanın musiqi mədəniyyətini təmsil edir. Tamaşaların və seminarların təşkilində fəal olmaqla yanaşı, bu qrup, həm də həvəskarların istedad və yaradıcılıqlarının inkişafı üçün təhsil ocağı olan “Mila Art Dance School” məktəbini də yaradıb. “Mila Art” ölkəsinin milli incəsənət, musiqi mədəniyyətinin nümunələri ilə yanaşı, eyni zamanda, əyləncə proqramları ilə konsertlərdə fəal çıxış edir.

Qeyd olunub ki, “Hamdani” musiqi qrupunun əsas xüsusiyyəti İndoneziyanın milli musiqi alətlərindən istifadə edərək, bu ölkənin musiqisini ifa etmək və bəstələməkdir. Qrupun musiqisi həm ənənəvi, həm də müasir İndoneziya musiqi elementlərini özündə birləşdirir. “Hamdani” musiqi qrupu 2022-ci ildə İndoneziyanın Azərbaycandakı səfirliyi tərəfindən Bakıda təşkil olunmuş mədəni tədbirlərin iştirakçısı olub.

Uğurla başa çatan konsertin sonunda kollektivə festivalın simvolu təqdim olunub.

İyulun 6-da günün birinci yarısında “Yuxarı Karvansaray” mehmanxana kompleksində “Şəhər Günü” bayram tədbiri keçiriləcək.

ƏvvəlkiAzərbaycan, Özbəkistan və Qırğızıstan prezidentlərinin Şuşada qeyri-rəsmi naharı olub
Növbəti“Asiya uşaqları” Oyunlarında daha bir boksçumuz gümüş medal qazanıb