Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi 2024-cü il kiçik qrant müsabiqəsi çərçivəsində “”Azərbaycan kəlağayılarının təbliği” layihəsini həyata keçirir. Layihə çərçivəsində 20 iyul 2024-cü ildə qaim-qədim Şəkidə, Şəki şəhər Dövlət Regional Kollecində növbəti konsert tədbiri keçirilib.
Tədbirdə ilk öncə şəhidlərimizin əziz xatirəsi anılaraq, dövlət himni səsləndrilib. “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri, Kəlağayı Ev Muzeyinin direktoru Güllü Eldar Tomarlı tədbiri açaraq, tədbirin mahiyyətindən danışdı. Bildirdi ki, UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin 2014-cü ilin noyabrın 26-da keçirilən iclasında Azərbaycanın kəlağayı sənəti “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib. Bu, Azərbaycan xalqı üçün böyük uğurdur. Təbii ki, burada Heydər Əliyev Fondunun prezdenti, Azərbaycan Respublikasının Birinci vitse-prezdenti Mehriban xanım Əliyevanın xidmətləri də danılmazdır. Heydər Əliyev Fondu həyata keçirdiyi çoxşaxəli fəaliyyət nəticəsində komitə kəlağayı sənətinin Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində və adət-ənənələrimizdə ən mühüm mədəniyyət nümunəsi olduğunu beynəlxalq səviyyədə təsdiqlədi. Bu il həmin əlamətdar hadisənin 10 illiyidir. Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində və adət-ənənələrimizdə ən mühüm mədəniyyət nümunələrimizdən olan kəlağayının əvvəlki şan şöhrətini özünə qaytarmaq üçün təbliğinə böyük ehtiyac vardır. Bu münasibətlə Mirvarid Dilbazi Poeziya Məclisi layihə çərçivəsində Gəncədə, Qazaxda, Şəkidə, Şamaxıda və Bakıda konsert proqramları keçirir və qədim kəlağayılar sərgilənir. Güllü Eldar Tomarlı Maddi dəstək üçün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkürünü bildirib. Belə təbliğat vasitəsi kəlağayımızın əvvəlki şan-şöhrətini özünə qaytarmaqla yanaşı yeniyetmə və gənclər arasında onun papuliyarlığını daha da artıracaqdır.
Sonra söz, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədr müavini Vüsal Sehranoğluna verilib. O, çıxışında qeyd etdi ki, Şəki Azərbaycanın ən qədim şəhərlərindəndir. Bu səbəbdən Şəki şəhəri qədim memarlıq və tarixi abidələrlə zəngindir. Şəki kəlağayı istehsalının dünyaya yayıldığı bir coğrafi məkandır. Bu gün də ipəkçilik və kəlağayı istehsalı Şəkidə davam etdirilir. Kəlağayımızın milli-mənəvi dəyərimiz olmasını onu nəsillərdən nəsillərə qiymətli bir əmanət kimi təqdim edilməsini təbliğ etməyə böyük ehtiyac vardır. Mirvarid Dilbazi Poeziya Məclisi bu yolda böyük işlər görür. Buna kəlağayı ədəbiyyatının yaranmasını misal göstərmək olar. Birliyin təşəbbüsü ilə kəlağayı haqqında beş kitab işıq üzü görüb. Xətai rayonunda, Şuşada ”İlk Kəlağayı Festivalı” – nın keçirilməsinə imza atıb. Elm və Təhsil Nazirliyinin dəstəyi ilə ali məktəblərdə, ümumtəhsil məktəblərində, regionlarda ”Sazlı, sözlü kəlağayı günləri” adlı konsertlər keçirərək, qədim kəlağayıların sərgisini təşkil edib. Vüsal Sehranoğlu ”Azərbaycan kəlağayılarının təbliği” layihəsinə maddi dəstək göstərdiklərinə QHT Agentliyinə minnətdarlığını bildirib.
Əməkdar mədəniyyət işçisi, aşıq Solmaz Kosayeva öz çıxışında kəlağayının Şəkidə istehsalının inkişafından, toy-düyünlərimizdə bu gün də necə istifadə olunmasından maraqlı açıqlamalar verib.
Daha sonra Bəxtiyar Vahabzadə Ev Muzeyinin direktoru Elşən Zəkəriyyəbəyli, AYB-nin Şəki Filialının rəhbəri, şair Vaqif Aslan, Şəki şəhər 4 nömrəli musiqi məktəbinin şöbə müdiri Fərqanə Salamova, 3 nömrəli Musiqi məktəbinin direktoru Şəmsiyyət Əsgərova, Sabahinfo saytının əməkdaşı Elnarə Həziyeva, şairlərdən Əfsanə Rəvan, Gülarə İnci, Zaur Səfərov və başqaları çıxış edərək, tədbirin mahiyyəti, önəmi və vacibliyindən danışdılar. Bildirdilər ki, xalqın tarixi keçmişinə aid olan geyimləri onun mədəniyyətini öyrənmək üçün əsas mənbələrdən sayılır. Hər bir xalqın maddi və mənəvi dəyərləri, qədim mədəniyyət nümunələri, geyim formaları həmin xalqın xarakterindən və etnoqrafik xüsusiyyətindən xəbər verməklə yanaşı, onun nə qədər qədim tarixi keçmişə sahib olmasına əyani sübutdur. Milli-mənəvi dəyərlərin təbliği yolunda Mirvarid Dilbazi Poeziya Məclisinə və maddi dəstək göstərən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə minnətdarlıqlarını bildirdilər.
Aşıq Solmaz Kosayeva, Vüqar Hüseynov, Anar Yusifzadə, aşıq Yaşar Cavadov və şagirdləri – Həqiqət Əliyeva, Əli Məmmədov saz ifaları ilə iştirakçılara xoş ovqat bəxş etdilər.
Sonda Mirvarid Dilbazi Poeziya Məclisinin sədri, ”Kəlağayı Ev Muzeyi”-nin direktoru, lahiyə rəhbəri Güllü Eldar Tomarlı dəstəyə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarının Dövlət Dəstəyi Agentliyinə, təşkilatı dəstəyə görə Şəki Rayon İcra Hakimiyyətinə, Şəki şəhər Dövlət Regional Kollecinin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edib.